Prezidentdən şəhid ailələri və qazilərlə bağlı yeni sərəncam
Jurnalist Bülbülün ev muzeyinə direktor təyin edildi- Foto
“91-lər”in üzvü, sabiq deputat Kərim Kərimov vəfat etdi
Bu ordunun qarşısında heç kim dayana bilməzdi - Xaindrava
Saatlıda toxum sərgi-satış yarmarkası keçirilib
08.09.2021 16:03
Bölmə:İqtisadiyyat 95 dəfə oxunub

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Saatlı rayonunda toxum sərgi-satış yarmarkası keçirilib. 

Nazirlikdən Versiya.az-a verilən məlumata görə, yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa əlaqənin qurulmasına kömək etmək məqsədi ilə keçirilən yarmarkanın açılış mərasimində nazir İnam Kərimov da iştirak edib. O, bildirib ki, bundan əvvəl Şamaxı, Şəki və Ağcabədidə keçirilmiş yarmarkalara fermerlər böyük maraq göstəriblər. Yarmarkalar fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı verir. 

Daha sonra nazir yerli istehsal toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüb, fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etməyi, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almağı, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etməyi tövsiyə edib. O, bildirib ki, mövcud torpaq və su ehtiyatları fonunda taxılçılıqda orta məhsuldarlığın artırılması yerli şəraitə uyğun toxum seçimindən və düzgün aqrotexniki qulluqdan asılıdır. Söhbət zamanı toxumçuların və fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib. 

Saatlıdakı yarmarkada Sabirabad, Hacıqabul və digər rayonlarda da toxumçuluqla məşğul olan 30-dan çox təsərrüfatda yetişdirilən toxum sortları nümayiş olunub. Gün ərzində yarmarkaya taxılçılıq və kənd təsərrüfatının digər sahələri ilə məşğul olan 300-ə qədər fermer qatılıb. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumlarının, Aqrar Kredit və İnkişaf Agentliyinin, “Aqroservis” ASC-nin, Aqrar Sığorta Fondunun, Azərbaycan Toxumçular Assosiasiyasının nümayəndələri, elmi-tədqiqat institutlarının əməkdaşları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak edib. Növbəti belə yarmarka sentyabrın 10-da Cəlilabadda keçiriləcək.

 

reklam