Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Memorandum strateji əhəmiyyət daşıyır
Goranboyda ağır qəza - Ana öldü, oğlu yaralandı
İlham Əliyev Emoməli Rəhmona zəng etdi
Yoluxma kəskin azaldı
Referendum olacaq?- “Hakimiyyət nəbz yoxlayır...”
17.08.2022 11:58
Bölmə:Müsahibə 324 dəfə oxunub

Versiya.az Aydınlar Partiyasının sədri, Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli Azpost.info-ya müsahibəsini təqdim edir: 

– Qulamhüseyn bəy, payızda ölkədə referendum keçiriləcəyi ilə bağlı məlumatların ardı-arası kəsilmir. Maraqlıdır ki, bu məlumatlar nə təkzib olunur, nə də təsdiqini tapır. Nə baş verir?

- Hesab edirəm ki, bu məlumatlar nəbz yoxlaması kimi dövriyyəyə buraxılır. Məqsəd siyasi partiyaların, ictimai təşkilarların və bütövlükdə cəmiyyətin mövqeyini öyrənməkdir. Hər halda belə görünür ki, hakimiyyətin referendum keçirmək, hansısa dəyişikliklər etmək niyyəti var. Xüsusilə, proporsional seçki sisteminin bərpası ilə gözləntilər var. Amma hələ ki, vaxt barədə konkret mövqe yoxdur. Ona görə də bu məlumatlar ortaya atılır, rəylər, mövqelər öyrənilir və məqsəddən asılı olaraq ya təxirə salınır, ya da ümumiyyətlə keçirilmir. Yəni, dediyiniz kimi bu məlumatlar təkzib olunmasa da, təsdiq də olunmur.

- Bəlkə hakimiyyət indiki həssas dönəmi nəzərə alaraq referendum keçirməkdən ehtiyatlanır?

- Fikrimcə, indiki şəraitdə hakimiyyətin referendum keçərəcəyi inandırıcı görünmür. Çünki bir tərəfdən dünya Rusiya-Ukrayna müharibəsi fonunda qlobal qarşıdurma ilə üz-üzədir, digər tərəfdən Ermənistanla münasibətlər hələ formalaşmayıb, Rusiyanın bölgədəki sühməramlılarla vaxtaşırı gərginliklərin yaşanması hakimiyyəti referendum məsələsində birmənalı mövqe sərgilənməkdən çəkindirir. Bu baxımdan hesab edirəm ki, yaxın vaxtlarda referendumun keçiriləcəyi inandırıcı görünmür.

- Konstitusion dəyişiklərdən danışarkən daha çox proporsional seçki sisteminin bərpasına diqqət çəkilir. Sizcə, başqa hansı dəyişikliklərə ehtiyac var?

- Əlbəttə, başqa dəyişikliklərə də ehtiyac var. Hesab edirəm ki, yalnız Milli Məclis üzvlərinin sayının artırılması ilə kifayətlənmək olmaz. Eyni zamanda parlamentin səlahiyyətlərinin artırılması, xüsusilə, icra hakimiyyət üzərində real parlament nəzarətinin təmin olunması, parlamentin sorğu-sual iclasının keçirilməsi, parlament istintaqının aparılması və bu kimi dəyişikliklərə də ehtiyac var. Bundan başqa, icra hakimiyyəti sistemində dəyişikliklərin olması zəruridir. Xüsusilə, yerli icra hakimiyyəti sistemi dəyişməlidir. Bir tərəfdən yerli icra hakimiyyəti başçıları, digər tərəfdən isə azad edilmiş rayonlarda Prezidentin səlahiyyətli nümayəndləri var. Onlar nə iş görür, məlum deyil. Hüquqi mənada bunların qarşılıqlı əlaqəsi dəqiqləşməlidir. Bütün bunlar da əslində referendum keçirilməsini və konstitusion dəyişiklikləri tələb edir.

- Məhkəmə sistemi ilə bağlı da narazılıqlar var…

- Məhkəmə sistemində xüsusi bir dəyişikliyə ehtiyac yoxdur. Sadəcə hakimlərinin təfəkkürünün yenidən qurulması, yenidən təşkil olunması, onların hazırlanmasının təkmilləşdirilməsinə ehtiyac var ki, bu da konstitusion dəyişiklik deyil. Yəni, bunun üçün referendum keçirilməsinə ehtiyac yoxdur.

- Növbədənkənar parlament seçkilərinin üzərindən iki il ötəs də, boş qalmış yerlərə seçkilər keçirilməyib. Seçkilərin bu qədər uzadılması qanunvericiliyə uyğundurmu?

– Qüvvədə olan qanunvericiliyə görə hər hansı səbəbdən hər hansı bir dairədə boş yer yaranarsa, bu halda 6 ay həmin yerə seçkilər keçirilməlidir. Bu zaman seçilmiş deputatın səlahiyyət müddəti əsas seçkilər zamanı seçilmiş deputatın səlahiyyət müddəti ilə məhdudlaşır.

Yəni, əgər indi seçilibsə növbəti seçki nə vaxt keçiriləcəksə, səlahiyyəti də o vaxt bitməlidir.

Aralıq seçkilərinin bu qədər yubadılması sözsüz ki, qanun pozuntusudur.Təəssüf ki, əvvəlki seçkilərdə də belə hal olub. Hakimiyyət bununla qanunvericiliyin tyələblərini kobud şəkildə pozur. Doğrudur, müharibə dövründə seçkilərin keçirilməsi qadağandır. Amma artıq müharibə bitib, hərbi vəziyyət dövrü başa çatıb. Ona görə də seçkilər təyin edilməli və keçirilməlidir. Bunun əksi qanun pozuntusudur.

- Aralıq seçkilərinin keçirilməsinin yubanması nə ilə bağlı ola bilər? Ehtimallarınız nədir?

- Görünür, indiki vəziyyət hakimiyyət üçün qanedicidir. Ola bilər hakimiyyət güman edir ki, seçkilərin keçirilməsi cəmiyyətdə müəyyən bir siyasi aktivlik yarada bilər, bu fəallıq isə hansısa formada hakimiyyətin daxili siyasətinin tənqidini şərtləndirər. Adətən seçkilər zamanı hakimiyyətin tərəfdarları ilə opponentləri mübarizə aparırlar. Bu zaman da hakimiyyət istər-istəməz tənqid obyektinə çevrilir. Ola bilər, hakimiyyət bundan ehtiyat edir və istəmir ki, indiki həssas, xarici təzyiqlərin, beynəlxalq münasibətlərdə müəyyən gərginliyin olduğu dövrdə ölkə daxilində ona qarşı bir təbliğat mexanizmi olsun.

- Qarabağda erməni təxribatları davam edir. Azərbaycan Ordusunun keçiridiyi əməliyyatlarla bu təxribatların qarşısı alınsa da, separatçılar yenə də əməllərini davam etdirir. Belə fikirlər var ki, rəsmi Bakı nəhayət qəti addımlar ataraq Qarabağdakı qanunsuz hərbi birləşmlərlə məsələni bitirməlidir. Sizin də bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı…

- Hesab edirəm ki, Azərbaycan hazırda Rusiya süıhməramlılarının nəzarəti altında olan torpaqların azad olunması istiqamətində müəyyən addımlar atır. Bundan əvvəl belə addımlar atılmışdı. Bu addımlar əlbəttə zəruridir, amma yetərli deyil. Fikrimcə, hakimiyyət növbəti təxribatların birində – onsuz da ermənilər təxribatlarını davam etdirir – Rusiya sülhməramlılarının başı üzərindən Xankəndi və Xocalıda yerləşən qanunsuz erməni hərbi birləşmələrini tərksilah edərək bu məsələyə son qoymalıdır. Yəni, birdəflik geniş miqyaslı antiterror əməliyyatı keçirib bütün ərazilərimizdə suverenliyimizi bərpa etməliyik. Beynəlxalq aləmdə nə danışırlar danışsınlar. Öz ərazimizdir və biz öz torpaqlarımızı azad edirik. Terrocçulara qarşı mübarizə aparırıq. Diqqət edin, sonuncu əməliyyat zamanı beynəlxalq aləmdən kəskin reaksiya eşidilmədi. Çünki hər kəs başa düşür ki, biz öz ərazimizdə fəaliyyət göstəririk. Əlbəttə ki, diplomatik müstəvidə də mübarizə aparılmalıdır. Amma antiterror əməliyyatı artıq zərurətə çevrilib. Donuzu Quran oxumaqla darıdan çıxarmaq olmur, gərək dəyənəyin olsun. Bizim də dəyənəyimiz “dəmir yumruq”dur.

- Bir neçə həftə əvvəl belə bir məlumat yayılmışdı ki, AMİP lideri Etibar Məmmədov digər partiyalarla koaslisiya yaratmağı düşünür. Aydınlar Partiyasının bu tip birliklərdə təmsil olunmaq niyyəti varmı?

- Belə bir birlikdə təmsil olunmaq üçün partiyalarla müzakirələr aparılmalı, məsləhətləşmələr olmalıdır. Açığı Aydınlar Partiyası bu yöndə hər hansı müzakirələrdə iştirak etməyib. Amma əlbəttə ki, koalisiyaların yaradılması mümkündür və biz də orada təmsil oluna bilərik.

Hazırda siyasi partiyalar dalandan çıxmağa başlasalar da, faktiki olaraq heç birinin hakimiyyətə qarşı təkbaşına mübarizə aparmaq gücü yoxdur. Ona görə də partiyaların bir araya gəlməsi daha məqsəduyğundur. Ola bilər, artıq kimlərsə müzakirələrə başlayıb, amma dediyim kimi biz bu prosesdə iştirak etmirik. Bununla belə, digər partiyalarla koalisiya yaratmaq, birgə mübarizə aparmaq mümkündür, hətta deyərdim ki, vacibdir.

reklam