Tarix: 04-10-2024 15:04 | Bölmə: Dünya / - | Baxış: 97
Bir müddət əvvəl İranın İsrailə hücumu dünyanı ayağa qaldırıb. Ümumilikdə, İsrail ərazisinə 180-dən çox raket atılıb. Hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. İsrail Baş naziri Benyamin Netanyahu İrana cavab veriləcəyini bildirib.
“Axios” portalı İsrail rəsmilərinə istinadən yazır ki, İsrail hakimiyyəti İranın raket zərbəsinə yaxın bir neçə gün ərzində cavab verəcək. Nazirlər Kabineti bir gün əvvəl keçirdiyi iclasda cavabın olacağına qərar verib, amma bunun necə olacağını müəyyən etməyib. Cavab zərbəsi xüsusilə, neft hasilatına və digər strateji obyektlərə təsir göstərə bilər. Portalın həmsöhbətləri əlavə ediblər ki, İsrail hakimiyyəti hələlik cavabın nə olacağına qərar verməyib, o cümlədən bunu Amerika administrasiyası ilə müzakirə etmək istədikləri üçün açıqlamırlar.
Münaqişənənin coğrafi baxımdan daha da genişlənəcəyi ehtimal edilir.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (CAMAC) İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, İranın İsrailə ballistik raketlər atması İsrailin cavab zərbəsinə haqq qazandırır:
“İranla İsrail arasında son yaşananlar münqişənin artıq yeni mərhələyə keçdiyini göstərir. Bu, təbii ki, bir sıra beynəlxalq və daxili yeni şəraitin yaranmasına da səbəb olacaq. Hər halda İran tərəfindən İsrailə genişmiqyaslı ballistik raketlərin atılması və onun həm hərbi obyektlərini, həm də şəhərlərini atəşə tutması, sözsüz ki, cavabsız qalmayacaq. Görünür ki, İsrail dövləti buna qəti cavab verəcək. İsrail Baş naziri İran adlı ölkənin çox böyük səhvə yol verdiyini və onu başa salacaqlarını bəyan edib. Bu, İsrailin çox ağır cavab zərbəsinə hazırlaşdığını göstərir. Ehtimal olunur ki, genişmiqyaslı hava hücumları təşkil olunacaq və İranın hərbi, iqtisadi və nüvə infrastrukturları vurulacaq. ABŞ da, artıq İsrailin yanında olacağını bildirib. Bu proses bir çox məqamlardan da xəbər verir. Belə ki, bu, Beynəlxalq mühitdə İsrailin cavab zərbəsinə haqq qazandırır. Ancaq İsrail özünü qoruya bilməsə, İran rejimi onu məhv etməyə qədər gedə biləcək ideologiyaya sahibdir. Sözsüz ki, bütün bu şəraiti beynəlxalq aləm də nəzərə alır”.
Sadiq İsabəyli vurğulayıb ki, İsraillə İran arasında qarşıdurma yeni mərhələyə keçsə və intensivləşsə, sözsüz ki, İranın daxilində vəziyyət gərginləşəcək:
“İlk növbədə unutmayaq ki, İran çoxmillətli ölkədir. Orada müxtəlif millətlər, o cümlədən Azərbaycan türkləri, bəluclar, ərəblər və digər millətlər yaşayır. Bütün bu millətlər məkəzi hakimiyyətin siyasətlərinə, ideologiyasına, ictimai-siyasi davranışlarına qarşıdır. Qeyri-fars millətlər mərkəzi hakimiyyət tərəfindən illərdir ki, müxtəlif ayrı-seçkiliyə məruz qalırlar. Bu, ciddi narazılıqlar yaradıb. Belə olan təqdirdə müharibənin şiddətlənməsi və mərkəzi hakimiyyətin zəifləməsi bir çox narazılıqları etiraz formasında göstərəcək. Bu millətlərə qarşı iqtisadi, siyasi, milli basqılar edildiyini nəzərə alsaq, həmin millətlər müharibənin qızışmasını və mərkəzi hakimiyyətin zəifləməsini fürsət biləcəklər və üsyan edəcəklər. İran adlanan ölkədə yaşayan millətlərin hakimiyyətə münasibəti nifrət üzərində qurulub. Nifrət üzərində qurulmuş münasibət, böhranlı şəraitdə və müharibə vəziyyətində özünü etirazlar formasında göstərəcək. Tehran rejimi artıq əldə etdiyi gəlirləri sadəcə öz ideologiyasının gücləndirilməsi istiqamətində istifadə edir. Əhalinin sosial-iqtisadi vəziyyəti günü-gündən ağırlaşır. Yoxsulluq, işsizlik, inflyasiya elə bir şərait yaradıb ki, insanlar gündəlik məişətində ciddi problemlərlə üzləşib. Rejimin də verdiyi məlumatlar əsasında biz bilirik ki, əhalinin 40 faizindən çoxu yoxsulluq həddindən aşağıda yaşayır. Başqa statistikalardakı rəqəmlərə baxdıqda bu göstərici 60 faizdir. Bu da, əlbəttə ki, ciddi narazılıqlara səbəb olub. Sözsüz ki, bu narazılıqların, etirazların miqyasının artmasında müharibənin geniş rolu olacaq. Müharibənin miqyası yeni mərhələyə keçsə, etirazlar daxildə artacaq. Burada bir sıra başqa məqamları da qeyd etmək olar. Məsələn artıq hakimiyyətlə kütlə arasında uçurum yaranıb. İranda yaşayan xalqlar dövlətin strukturuna, onun xarici və daxili siyasətinə şübhə ilə yanaşır və inanmır. Siyasi uçurum daxili etirazların artmasının səbəblərindən birinə çeviriləcək. Hesab edirəm ki, İran adlanan ölkə tərəfindən İsrailin təhdid olunması və birbaşa İsrailin raket atəşinə tutulması məsələsi müharibəni qaçılmaz edir. Belə olan halda, İran adlanan ölkənin daxilində etirazların miqyası artmış olur. Bunu açıq şəkildə demək lazımdır ki, İranla İsrail arasında birbaşa müharibənin başlanması, İsrailin İranın iqtisadi, siyasi və hərbi infrasturukturuna zərbə endirməsi, rejimin zəifləməsi orada yaşayan xalqların bu şəraiti fürsətə çevirməsinə imkan yaradacaq. Qeyri-farsların özünəməxsus milli azadlıq hərəkatları var. Milli azadlıq hərəkatlarının təşkilatlanması və fəaliyyətinin genişlənməsi bu şəraitdə daha ciddi şəkildə irəliləyə bilər. Güney Azərbaycan Milli Azadlıq Hərəkatının milli fəalları, təşkilatları prosesi yaxından izləyirlər. Sözsüz ki, kütləvi etirazların başlanması prosesində hər bir millət öz tarixi əraziləri çərçivəsində məsələlərini qaldıracaq və istəklərini ortaya qoyacaqlar. Məsud Pezeşkian da bir müddət əvvəl ölkə daxilində çəkişmələr səngiməsə, mərkəzi hakimiyyət zəifləyəcək və İran deyə bir dövlət qalmayacaq deyib. Çünki azərbyacanlılar, bəluclar və ərəblər öz dövlətlərini quracaqlar. Güney Azərbaycan Milli Hərəkatı yaranmış vəziyyəti fürsət biləcək və öz milli mübarizəsini yeni mərhələyə daşıyacaq. Bu, uğurlu proses olacaq”.
Güneyli siyasi şərhçi Kərim Əsğəri isə söyləyib ki, genişmiqyaslı müharibə başalanacağı təqdirdə müxalifət həvəsə gələcək və etirazlar başlayacaq:
"Yaxın Şərqdə ciddi böhranlar var. Son 6-7 ayda İranda neçə dəfə etirazlar olub. İran bütün etirazları qanlı formada basdırıb. Bu, onu göstərir ki, İrana eyni zamanda həm xaricdən, həm də daxildın basqılar olmasa, o içəridəki müxalifəti asanlıqla basdırra bilər. Hesab edirəm ki, İranla İsrailin birbaşa müharibəsi çətin məsələdir. Çünki İranın İsrail ilə nə torpaqdan, nə də dənizdən qonşuluğu yoxdur. Müharibə yalnız hava hücumları ilə mümkün ola bilər. Bu da İran daxilində müxalifəti cəsarətləndirirsə, digər yandan düşündürə bilər. Çünki bu, məhdud bir savaç da ola bilər. İrandakı müxalifətin bir çoxu tutulub, yaxud cəzalandırılıb. Xaricdən ciddi xaricdən savaş olmasa, daxildə etirazlar başlasın. Amma çox genişmiqyaslı müharibə başlasa, o zaman içəridəki müxalifət həvəsə gələr və etiraz başlaya bilər".