Tarix: 12-09-2024 12:38 | Bölmə: Xəbər / - | Baxış: 66
Ermənistan Hindistandan əlavə miqdarda 155 mm-lik kalibrli ATAGS artilleriya qurğuları almaqda maraqlıdır.
Versiya.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a Hindistanın Müdafiə Tədqiqatları və Təhlil İnstitutunun baş direktoru Sujan Çinoy deyib.
Bundan əvvəl KİV İrəvanın hələ 2022-ci ildə Dehlidən 155 milyon dollar dəyərində yedəkli artilleriya sistemləri (ATAGS) sifariş etdiyini yazmışdı. 6 155 mm-lik yedəkli haubitsaların ilk partiyası 2023-cü ilin avqustunda Ermənistana çatdırılıb.
“ATAGS çox manevrli qurğulardır, Hindistanda istehsal olunub və onlar çox uğurludur”, - Sujan Çinoy deyib.
O xatırladıb ki, Dehli artıq İrəvana “Swathi” radar sistemlərini idxal edib, müqavilənin dəyəri 40 milyon dollar təşkil edib. Onun qiymətləndirməsinə görə, Hindistanın radar sistemlərini dünyada ən yaxşılardan biridir və bu silaha böyük tələbat var.
Sujan Çinoy qeyd edib ki, Ermənistan təxminən 250 milyon dollar dəyərində olan “Pinaka” raket buraxılış sistemlərinə də maraq göstərib. Ekspert Hindistanın hərbi sənayesinin inkişafının ölkənin əsas layihələrindən olduğunu vurğulayıb. Son zamanlar Hindistan tərəfi özünü təkcə istehsalçı kimi deyil, həm də hərbi məhsulların tədarükçüsü kimi tanıdıb.
2024-cü ilə qədər Hindistan təxminən 2,5 milyard dollar dəyərində müdafiə məhsulları ixrac edib. 2028-ci ilə qədər Hindistan bu rəqəmi 6,5 milyard dollara çatdırmağı planlaşdırır.