DİN bu şəxsləri işə dəvət edir

Tarix: 05-11-2024 11:49 | Bölmə: Xəbər / - | Baxış: 38

din-bu-sexsleri-ise-devet-edir

DİN-in aparatında və respublikanın şəhər, rayon polis orqanlarında ali hüquq təhsili tələb olunan vəzifələrdə (polis sahə rəisi, cinayət axtarışı üzrə əməliyyat müvəkkili, məsul növbətçi, təhqiqatçı və müstəntiq) xidmətə qəbulla əlaqədar müsabiqə keçirilir.

Bu barədə Versiya.az-a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vakant olan 70 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı – “Azərbaycanın daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallardan ibarətdir. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri DİN-in Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.

Müsabiqədə dövlət ali təhsil müəssisələrini “hüquqşünaslıq” ixtisası üzrə bitirmiş, yaşı 30-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycanın kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər noyabrın 1-dən 30-dək http://www.mia.gov.az ünvanda yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər.

Elektron ərizələr DİN-də qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.

Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;

- ali təhsil haqqında diplom;

- hərbi bilet;

- əmək kitabçası (olanlar üçün).

Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır və namizədin sağlamlıq vəziyyəti müvafiq qaydada yoxlanılır.

Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları və test imtahanının proqramı DİN-in www.mia.gov.az veb saytında yerləşdirilib.


Xəbəri paylaş