Tarix: 26-11-2024 10:39 | Bölmə: Cəmiyyət / - | Baxış: 23
Sabirabadda “Yağlıvənd: faciədən zəfərə” adlı sənədli filmi nümayiş olunub.
Sabirabad rayonundakı Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, icra başçısının I müavini Həsən Həsənov, filmin rejissoru və ssenari müəllifi, yazıçı Tağı Türk, mədəniyyət işçiləri, şahid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nümayişin rəsmi hissəsində çıxış edən Həsən Həsənov filmin tarixi əhəmiyyətindən, Qarabağ müharibəsi zamanı xalqımızın qəhrəmanlıq salnaməsindən bəhs edib və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik yad edilib.
Daha sonra “Yağlıvənd: faciədən zəfərə” ekran əsərinin rejissoru Tağı Türk film haqqında tamşaçılara məlumat verib, nümayişə göstərilən dəstəyə görə rayon rəhbərliyinə təşəkkür edib.
Filmdə Qarabağ müharibəsi zamanı Yağlıvənd kəndində baş verən hadisələr və xalqımızın bu çətin günlərdə göstərdiyi igidlik, birlik nümunələri təsvir edilir. Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Yağlıvənd kəndində baş vermiş faciənin canlı şahidlərinin iştirakı ilə ərsəyə gələn film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sonda idarə rəisi Faiq Xudanlı çıxış edərək filmin ərsəyə gəlməsində əziyyəti olan şəxslərə və qonaqlara təşəkkür edib.