Tarix: 05-02-2025 13:05 | Bölmə: Dünya / - / Manşet | Baxış: 5
ABŞ prezidenti Donald Tramp İran prezidenti Məsud Pezeşkianla görüşə razılıq verib.
Versiya.az xəbər verir ki, Tramp bu barədə çərşənbə axşamı Ağ Evdə jurnalistlərlə söhbəti zamanı müvafiq bəyanatla çıxış edib.
ABŞ-ın İrana maksimum təzyiqini bərpa etmək üçün sərəncam imzaladıqdan sonra Tramp ümid etdiyini bildirib ki, o, bu vasitədən tez-tez istifadə etmək məcburiyyətində qalmayacaq.
"İran prezidenti ilə görüş və ya birbaşa əlaqə barədə düşünəcəkmi" sualına Tramp “hə” cavabını verib.
Mümkün razılaşmanın təfərrüatları ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq Tramp vurğulayıb ki, İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz.
“Biz İrana və ya başqasına qarşı sərt mövqe tutmaq istəmirik, lakin onlar nüvə silahına malik ola bilməzlər”, - ABŞ prezidenti bildirib.
Trampdan ona və ya komandasının üzvlərinə qarşı sui-qəsd olarsa, İranın hansı nəticələrlə üzləşə biləcəyi də soruşulub.
“Bunu etsələr, məhv olacaqlar. Mən göstərişlər vermişəm, onlar bunu etsələr, məhv ediləcəklər, heç nə qalmayacaq”, - Amerika lideri vurğilayıb.