Tarix: 08-05-2024 12:10 | Bölmə: - / Siyasət | Baxış: 764
Seçki qanunvericiliyinə görə, bu ilin noyabr ayının ilk bazar günündə Parlament seçkiləri keçirilməlidir. Lakin noyabr ayında Bakıda COP29 keçiriləcək. Məhz bu beynəlxalq tədbirə görə Parlament seçkiləri qabağa çəkilə bilər. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da açıqlama verib.
“Qanunvericiliyə əsasən, bu il noyabr ayında parlament seçkiləri olmalıdır. Seçkilərin müddəti önə də çəkilə bilər”, - o, Komissiyanın mayın 2-də keçirilən iclasında bildirib.
Sədr əlavə edib ki, MSK artıq parlament seçkilərinə hazırlığa başlamalıdır. "Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi də həyata keçirilir. Parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi sürətləndirilməlidir. Parlament seçkilərindən sonra bələdiyyə seçkiləri gəlir ki, o daha da çətindir. Bütün bu hallar nəzərə alınmalıdır", - M.Pənahov qeyd edib.
Beləliklə, ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi qaçılmaz görünür. Siyasi partiyalar Parlament seçkilərinə necə hazırlaşır?
Modern.az sözügedən məsələ ilə bağlı partiyalar arasında sorğu keçirib.
Saytımıza açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa sualımızı belə cavablandırıb: "Partiyamızın bütün strukturları, müşahidəçilərindən tutmuş vəkillərə qədər hamısı yeni seçki prosesində iştirak ediblər. Ona görə də Parlament seçkilərində iştirak bizim üçün heç bir problem yaratmır. Parlament seçkilərində həm öz namizədlərimizlə iştirak edəcək, həm də seçkini müşahidə funksiyasını yerinə yetirəcəyik. Eyni zamanda dairə və məntəqə seçki dairələrində, hətta MSK-da da bizim üzvümüz var. Bunlar vasitəsilə də seçki prosesində aktiv rol alacağıq".
Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev struktur dəyişiklikləri üzərində işlədiklərini söyləyib: "Rəhbərlik etdiyim Milli Cəbhə Partiyası Parlament seçkilərində iştirak edəcək. Prezident seçkisində formalaşdırdığımız seçki qurumlarını saxlamışıq və müəyyən struktur dəyişiklikləri üzərində işləyirik ki, daha çevik seçki komandamız olsun. Hazırda siyahı üzərində də iş gedir. Çalışırıq ki, daha çox dairədə namizədimiz olsun. Yarıdan çox dairədə namizəd irəli sürə biləcəyik".
Ağ Partiya sədri Tural Abbaslı vurğulayıb ki, seçkilərə artıq xeyli müddətdir, hazırlaşırlar: "Düzü, Azərbaycan siyasi şərtlərində seçkilərə hazırlaşmaq, namizədlərin müəyyən olunması, təbliğat-təşviqat işləri xeyli ağır başa gəlir. Prosesi bilməyənləri danışdıranda deyir ki, biz hazırıq, hər şey rahat və sadədir. Amma bu, belə deyil. Nəzərə alaq ki, partiyaların çoxu büdcədən müəyyənləşdirilmir. Bu fəaliyyətlər maliyyə xərclərinin, üzvlük haqlarının və ianələrin üzərinə düşür. Minimal məbləğ və resurslarla yüksək nəticələr əldə etməyə çalışırsan. Bu da həm təcrübə, həm vaxt, həm də enerji tələb edir. Ağır prosesdir. Amma partiya olaraq namizədlərin müəyyən olunmasına başlamışıq".
Partiya sədri vurğulayıb ki, artıq 80-dən yuxarı namizəd müəyyən olunub: "Biz çalışırıq ki, 125 dairəni də əhatə edək. Bu o demək deyil ki, hər namizəd irəli sürüldüyü dairədə qalib gəlmək gücünə qadirdir. Ən azından seçki ilkin mərhələdə zəif namizədlərimiz üçün bir təcrübə olacaq. O namizədlər öz dairələrində həm özlərini, həm də partiyanı cəmiyyətə təqdim edəcəklər. Təbii ki, artıq təşkilat şöbəsi mümkün namizədlər və onların imza toplayan komandası, təbliğat-təşviqat, piar işləri ilə bağlı addımlar atır. Bunlar hamısı təqvimdən asılı olan məsələlər olduğu üçün dəqiq vaxt bilinmədikcə konkret addımlar atmaq mümkün olmur. Seçkilər elan olunsa, yəqin ki, Ağ Partiya ən favorit partiyalardan biri ola bilər".
Ümid Partiyası isə artıq 49 namizədin dairəsini müəyyənləşdirib. "Ümumilikdə 75 namizəd Mərkəzi Aparatda qeydiyyatdan keçib ki, onlardan 26 nəfərin dairəsi hələ müəyyən olunmayıb",- Partiyanın sədri İqbal Ağazədə qeyd edib.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Parlament partiyası olmaq iddiasında olduqlarını vurğulayıb:
"Parlament seçkisinin nə vaxt keçirilməsindən asılı olmayaraq, siyasi partiya daim hazırlıqlı olmalıdır. Bir seçki bitdikdən sonra digərinə hazırlaşmaq siyasi partiyanın borcudur. Növbədənkənar Prezident seçkisi oldu. Döşünə döyən partiyaların çoxu Prezident seçkilərinə hazır olmadığını bildirdi. Amma Böyük Azərbaycan Partiyası heç vaxt yalançı iddiada olmayıb. Biz seçkilərdə uğurla iştirak etdik, təbliğat imkanlarından yararlandıq. Eyni zamanda seçicilərlə təmasda olduq. Növbədənkənar Parlament seçkilərində də bizim partiyamız normal iştirak edəcək. Ən böyük ehtimal olunan variantlardan biri odur ki, ötən ilə kimi parlament özünü buraxsın və noyabrın 3-nə kimi parlament seçkisi keçirilsin. İndiki dövr hazırlıq mərhələsidir. Namizədləri dairələr üzrə müəyyənləşdiririk. Bu seçkilərdə daha çox namizədlə iştirak etmək planımız var və parlament partiyası olmaq istəyimizi gizlətmirik. Əvvəlcədən də elan etmişik ki, biz Azərbaycanın ilk üçlüyündə olan siyasi partiya olacağıq".
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Partiyanın seçkilərdə iştirakla bağlı hələlik qərar vermədiyini bildirib:
"Siyasi partiyaların əsas vəzifələrindən biri də seçkilərdə iştirak edərək öz proqram məqsədlərini cəmiyyətə çatdırmaqdir. Bu baxımdan seçkilər partiyalar üçün xüsusi əhəmiyyət daşıyır. Ədalət partiyası parlament seçkilərində dəfələrlə iştirak edib.Təəssüf ki, əksər hallarda uğura gedən yolumuz süni maneələrlə kəsilib. Bu da bizdə cavab tələb edən bəzi suallar doğurur. Cəmiyyətin simpatiyası olduğu halda seçkilərə qoşularaq heç bir müsbət nəticə əldə edə bilməməklə barışmaq, yoxsa bu prosesdə məsafəli davranmaq dilemmasını da həll etməyimiz lazımdır. Bütün bunları nəzərə alaraq Ədalət partiyası parlament seçkilərində iştirakla bağlı hələ qərar verməyib. Üstəlik, seçkilərin qabağa çəkilməsi ehtimalı da var. Adətən, belə seçkilər hakimiyyətin tam nəzarəti altında baş tutur. Biz isə bərabər imkanların tanınmasının tərəfdarıyıq. Bu, demokratik seçkilərin əsas prinsipidir. Ona görə də partiyada seçki prosesini diqqətlə izləməkdəyik. Ümid edirəm ki, situasiyaya adekvat qərar qəbul edəcəyik".
Ədalət, Hüquq və Ədalət Partiyasının sədr müavini Nimayəddin Orduxanlı ən azı 60 dairədən namizədlərini irəli sürməyə çalışacaqlar:
"Ədalət, Hüquq və Demokratiya Partiyası olaraq, Parlament seçkilərinə hazırlıq prosesinə başlamışıq. Bizim çox güclü təşkilatlarımız var. Demək olar ki, Azərbyacanın böyük bir hissəsini əhatə edirik. Bizim təxminən 70-ə yaxın rayon təşkilatlarımız mövcuddur. Biz maksimum çalışacağıq ki, çox dairədən namizədliyimizi irəli sürək. Qanunvericiliklə ən azı 60 dairədən namizəd olmalıdır ki, ödənişsiz efir vaxtından istifadə edək. ƏHD partiyasının buna potensial və imkanı var. 20 ildən artıqdır ki, partiya olaraq fəaliyyət göstəririk. Partiyanın rəhbərliyində kifayət qədər Azərbaycanın tanınmış siyasətçiləri var. O baxımdan da növbədənkənar parlament seçkilərində tələb olunan namizədlə iştirak edəcəyik, ödənişsiz efir vaxtını əldə edək. Bizim partiyamız həmişə seçkilərdə iştirak edib. Bu günə qədər parlamentdə yalnız bir nəfər, hörmətli sədrimiz Qüdrət Həsənquliyevlə təmsil olunmuşuq. Amma istəyirik ki, daha çox namizədlə parlamentdə təmsil oluna bilək".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müşaviri Məmməd İbrahim şərait yaradılarsa, parlament seçkilərində işləmək istədiklərini deyib.
Müsavat Pariyasının Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı isə Partiyanın parlament seçkilərində iştirak etmək fikrinin olduğunu dilə gətirib: "Mümkün qədər daha çox seçki dairəsindən namizəd irəli sürmək və seçki Məcəlləsini təkmilləşdirməsi tələbi ilə çıxış etmək istəyirik. Ölkədə azad, ədalətli və demokratik seçkilərin keçirilməsinə nail olmaq istəyirik".
Respublikaçı Alternativ Partiyasının (ReAl) icraçı katibi Natiq Cəfərli Parlament seçkilərinə hazırlığa keçən ilin dekabrından başladıqlarını söyləyib:
"REAL Partiyasının seçki qərargahı yaradılıb. Siyasi komitənin üzvü, hüquqşünas, tanınmış vəkil Rəsul Cəfərov seçki qərargahının sədri seçilib. Potensial namizədlərlə, müşahidəçilər qrupu ilə artıq bir çox görüşlər keçirilib. Yəni tam sürətlə parlament seçkilərinə hazırlaşırıq. Çünki parlament seçkilərinin qabağa çəkilmə ehtimalı kifayət qədər yüksəkdir. Ölkənin tamamını əhatə edən dairələrdən namizədlərimiz olsun".