Tarix: 15-05-2024 17:10 | Bölmə: Xəbər | Baxış: 860
Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Bako Saakyan, Arayik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsinə daxil olan müraciətlərdə cinayət işləri üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə bağlı təqsirləndirilən şəxslərin hər birinin həbsdə qalma müddətinin daha bir neçə ay uzadılması istənilib.
Qeyd edək ki, istintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi Prokurorluq, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətləri, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Onlar xüsusilə ağır cinayətlərdə təqsirləndirilirlər.