Tarix: 13-05-2025 15:31 | Bölmə: Xəbər / - / Manşet | Baxış: 127
İmişli rayonunun Sarıxanlı kəndində 9 May – Qələbə günü münasibətilə keçirilən tədbirdə SSRİ bayrağının qaldırılması və "Georgi lenti"nin nümayiş etdirilməsi təkcə tarixi yaddaşa hörmət jesti kimi yox, həm də ciddi ideoloji və siyasi səhv kimi qiymətləndirilməlidir.
Versiya.az xəbər verir ki, bunu yazıçı Tağı Türk “Qələbə günü” münasibətilə keçirilən tədbirdə SSRİ bayrağının qaldırılmasına münasibət bildirərkən deyib. O, bildirib ki,Azərbaycan xalqı İkinci Dünya müharibəsində böyük itkilər verib, minlərlə insan bu qələbənin qazanılmasına töhfə verib: “Bu qəhrəmanlığın yad edilməsi zəruridir. Ancaq bu yaddaşın yaşadılması müstəqil Azərbaycan dövləti və onun rəmzləri fonunda baş verməlidir – Azərbaycanın üçrəngli bayrağı, milli qəhrəmanları və öz suveren tarixi konteksti ilə”.
Onun sözlərinə görə, SSRİ bayrağı bizim üçün sadəcə faşizm üzərində qələbənin simvolu deyil – eyni zamanda 1920-ci ildə müstəqilliyimizin zorla əlindən alınmasının, repressiyaların, sürgünlərin, dinimizin, dilimizin sıxışdırılmasının və nəhayət, Qarabağ münaqişəsinin toxumlarının atılmasının da rəmzidir.
Tağı Türk qeyd edib ki, Saleh Səmədovun bu məsələyə "Bunun nəyi pisdir ki?" yanaşması cəmiyyətin tarixi travmalarına və müstəqillik şüuruna qarşı saymaz yanaşmanın nümunəsidir: “O, yaşına və tutduğu mövqeyə yaraşan məsuliyyətlə davranmalı, tarixə təkcə sovet prizmasından deyil, həm də Azərbaycan xalqının gözü ilə baxmağı bacarmalıdır.
Əgər Qələbə gününü qeyd ediriksə, bunu müstəqil Azərbaycanın vətəndaşları olaraq etməliyik – keçmiş imperiyaların bayraqları altında deyil”.