Tarix: 17-05-2024 11:02 | Bölmə: Yazarlar | Baxış: 1 265
Çox sevdiyim bir ifadə var: "Tarixin içində yaşadığımız üçün bəzən onun obyektiv qiymətini verə bilmirik."
Bu gün tarixə bir az kənardan baxmaq istədim - bir azərbaycanlı, siyasətçi olaraq deyil, bəlkə araşdırmaçı, tarixçi kimi...
Siyasətin içində olduğum üçün Dövlət Başçısının bütün çıxışlarını bəzən bir neçə dəfə dinləyib, verdiyi mesajları tutmaq istəyirəm, elə digər çıxış və şərhləri də imkan daxilində izləyirəm.
Bu gün Cənab Prezidentin Şuşa sakinlərinə yeni tikilmiş evlərin açarlarını təqdim etməsinə yenidən baxdım. İzləmişdim, lakin görünür bu qədər diqqətlə fikir verməmişdim.
P.S. Füzuli sakinlərinə də açarlar təqdim olunarkən baxmışdım, hətta Prezidentin kövrəlmə anını da gözdən qaçırmamışdım...
Amma və lakin...
Şuşa bizim xəyalımız idi.
Mən Şuşa işğal olunanda könüllü əsgər idim. O gün həyatımın ən ağır, ən müdhiş günü idi. O gün belimiz qırılmışdı sanki...
Kimsə nə yemək yeyə bilirdi, nə bir kəlmə kəsməyə həvəsli görünmürdü. Hamı bir-birindən utanırdı, namusu gözləri qarşısında ləkələnmiş bir kişi obrazında idi hamı..
Mən əslən Füzulidənəm, Qarabağlıyam, türkəm, bütöv Azərbaycan sevdalısıyam.
Amma mənim xəyalım heç zaman Füzuli olmayıb, mən Şuşasız Qarabağ istəməmişəm, Şuşasız Füzuli istəməmişəm. Laçınsız, Kəlbəcərsiz Azərbaycan təsəvvür etməmişəm.
Çəkinmədən həmişə demişəm, "kim özünə Şuşasız Azərbaycan qurmaq istəyir, mən o Azərbaycanın vətəndaşı olmayacağam"...
İkinci Qarabağ savaşı başlayanda çox qorxurdum, dayanacağımızdan, böyük təzyiqlər qarşısında geri çəkiləcəyimizdən...
Hər gecə sabaha kimi məlumatlı şəxslərlə danışır, müzakirə edərdik. Heç olmasa, bir rayonumuzun geri qaytarılması üçün dua edir, Allaha yalvarardıq.
İndi külli-Qarabağ bizdədir, ağlasığmayan hadisələr oldu. Torpaqlarımızın hər qarışında suverenliyimiz təmin olundu.
Ayrı-ayrı xalqların, dövlətlərin tarixinə baxıram, oxuyuram, bu tip qələbələr nadir halda yaşanıb.
Bizim tariximizdə isə lap çoxdan unutduğumuz hadisədir.
Az qala 3 əsrdir itirə-itirə gəlirik. Tarixin ən talesiz xalqlarındanıq ki, bütün sərhədlərimizdə öz torpaqlarımızla aramızda məftillər, sərhəd dirəkləri var.
Qarabağ da Güney Azərbaycan, Dərbənd, Borçalı, Zəngəzur, Göyçə, İrəvan taleyi yaşamağa çox yaxın idi...
Əgər...
Əgər 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin cəsarətli addımı olmasaydı...
Niyə cəsarətli deyirəm?
Çünki bütün hakimiyyətlərin dönəmində hər bir rəhbərin Torpaqlarımızı qorumaq və ya işğaldan azad etmək şansları olub.
Bu şansı yalnız cəsarət dəyərləndirə bilərdi. İlham Əliyev çox cəsarətli addım atdı.
Bir anlıq düşünün: Allah qorusun, birdən məğlub olsaydıq və ya bizə böyük güclərin etdiyi basqılara İlham Əliyev tab gətirməsəydi?
Bizi və onun özünü nə gözləyərdi?
Adam düşünmək belə istəmir...
O sınmış ümidlərin parçalarını bir yerə toplamaq üçün bu xalqa illər lazım olardı. Mən hələ ermənilərin və havadarlarının bundan sonra bizə edəcəyi aşağılayıcı təklifləri demirəm...
Bax, o cəsarət hər şeyi həll etdi. Məğlub olmağı düşünmədən döyüşə atıldı, əsgəri, zabiti, generalı, xalqı, müxalifəti arxasına aldı...
Üç əsrlik məğlubiyyəti durdurdu, torpaq itirmək təcrübəsini unutdurdu, kiçilmək sindromunu aradan qaldırdı, yıpranmış, məğlub əsgərdən qalib düzəltdi.
Bir el bayatısında deyildiyi kimi:
Əzizim Ordubada,
Yol gedir Ordubada.
Sərkərdə igid olsa,
Heç getməz ordu bada...
Bu qələbədə şəhidlərimizin rolu əvəzsizdir, Allah onlara rəhmət etsin!
Bu qələbədə qazilərimizin xidməti sonsuzdur, Allah onlara can sağlığı versin!
Bu qələbədə xalqımızın birliyi əvəzsizdir, Tanrı xalqımızı qorusun...
Bu qələbədə Ali Baş Komandanın sərkərdəliyi misilsizdir. Xalq da, əsgər də o vaxt qalib olur ki sərkərdəsi əsl sərkərdə olur.
İlham Əliyev əsl sərkərdə oldu. Fatih Sultan Mehmet Osmanlı və müasir Türkiyə üçün İstanbulu (əski Konstantinopol) verdisə, İlham Əliyev Azərbaycana Şuşanı qaytardı.
I Pyotr İsveçdən aldığı torpaqda Sankt-Peterburq şəhəri quraraq Rusiyaya bəxş etdisə, İlham Əliyev bu gün qan yaddaşımız Xocalını aldı.
Tarixdə Beynəlxalq Alman Birliyi quran Otto Fon Bismark Almaniya üçün nə etmişsə, İlham Əliyev Azərbaycan üçün eynisini etdi...
...Problemlərimiz var, həm də xeyli...
Lakin ən böyük problem işğal olunmuş torpaqlar deyildimi?
Ən böyük dərdimiz Şuşa, ən faciəvi tariximiz Xocalı hesab olunmurdumu?
Bir milyona yaxın məcburi köçkünün varlığı Azərbaycan üçün utanc sayılmırdımı?
Demokratikləşmədə ən böyük əngəl bu problemləri hesab etmirdikmi?
Yoxsa düşünürsünüz ki, Pyotr, Fatih Sultan Mehmet, Otto Fon Bismark, ya saymadığım öz xalqlarının qəhrəmanları dövlətlərinin bütün problemlərini həll edib?
Yox, etməyiblər. Sadəcə problemləri həll etmək üçün xalqlarına yol açıblar.
İlham Əliyev ən böyük problemimizi həll etməklə, gələcək siyasətçilərə, xalqa yol açıb.
Daha kimsə ərazi bütövlüyü problemini düşünməyəcək, Şuşasız, Laçınsız, Kəlbəcərsiz Azərbaycan dərdi çəkməyəcək.
Bu qələbə Güney Azərbaycanın azadlığına işıq tutacaq, Göyçə, Zəngəzur, Borçalı, Dərbənd yolunu açacaq.
Bu qələbə dövlət ərkanı yaradacaq, dövlətləşmə mərhələsini yekunlaşdıracaq.
Bu qələbə Turan yolunu açacaq.
Nəhayətdə, bu qələbə xalqı diz üstündən ayağa qaldıracaq, qalibiyyət filmləri çəkiləcək, əsərlər yazılacaq, musiqilər bəstələnəcək.
Qalib Atanın övladları Böyük Azərbaycan sevdasıyla yaşayacaq.
Məişətimiz ağılardan, mərsiyələrdən qurtulub, qəhrəmanlıq, sevgi türküləriylə bəzənəcək.
Məhz bu insanlar da ölkədə demokratik, azad, ədalətli cəmiyyət quracaq.
Əzilmiş, məğlub xalqın demokratiyası xaos olar.
Qalib xalq dövlət qurar.
...Bu gün bu yazını niyə yazdım?
Şuşaya böyük köçün başlaması məni bir daha hadisələrə fərqli rakursdan baxmağa məcbur etdi.
Biz möhtəşəm tarixin içindəyik, iştirakçılarıyıq, şahidləriyik.
Bu tarixi yazan Şəhidlərimizə rəhmət diləyirəm, qarşılarında baş əyirəm!
Bu tarixi yazan Qazilərimizə can sağlığı arzulayıram, "Var olun" deyirəm!
Bu tarixi yazan Xalqa hörmətlə baş əyirəm!
Bu tarixi yazanların başında gələn Müzəffər Ali Baş Komandan İlham Əliyevə bir daha sonsuz minnətdarlıq hissimi bildirirəm!
Azərbaycan tarixində min illər adınız qalacaq, bu qələbə Azərbaycanın gələcək inkişafının açarı olacaq.
Hər şeyi yenidən yazdınız, yeni yazdınız.
Var olun, yüz yaşayın!
P.S. Mən daxili problemlərin həllində fərqli mövqedən çıxış edirəm, lakin bu mənim obyektiv olmağıma mane ola biləcək faktor deyil.
Azərbaycan Prezidenti elə bir tarix yazıb ki, onunla yalnız qürur duymaq olar.
Bu gün o tarixlə qürur duymayanların nəvələri bugünkü qəhrəmanlıqlardan övladlarına nağıllar danışacaq. Biz Babəkdən, Şah İsmayıldan, Koroğludan, Nəbidən danışdığımız kimi, o nağılların baş rolunda isə İlham Əliyev olacaq.
İqbal Ağazadə