Məcburi köçkün vəsiqələri tarixə qovuşur

Tarix: 21-05-2024 12:52 | Bölmə: Cəmiyyət / - | Baxış: 815

Məcburi köçkün vəsiqələri tarixə QOVUŞUR -

Artıq işğaldan azad edilən bütün ərazilərə mərhələli köç həyata keçirilir. Keçmiş məcburi köçkünlərin  müvəqqəti məskunlaşdıqları bölgələrdən öz evlərinə qayıdışları baş tutur. 

2022-ci il iyulun 19-dan bu günədək Laçın və Füzuli şəhərlərinə, Zəngilan rayonunun Ağalı, Ağdərə rayonunun Talış, Laçın rayonunun Zabux kəndlərinə, Şuşaya ümumilikdə 7000-ə yaxın şəxsin qayıdışı baş tutub. Bu ilin sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhalinin sayının ümumilikdə 25 min nəfərdən çox olacağı və növbəti illərdə bu rəqəmin getdikcə artacağı bildirilir.

Beləliklə, yüz minlərlə soydaşımızın məcburi köçkün statusu artıq tarixə qovuşur. Qeyd edək ki, məcburi köçkün statusu almış şəxslərə məcburi köçkün vəsiqəsi verilir və Komitənin aidiyyəti şöbəsi tərəfindən uçotu aparılır. Məcburi köçkün vəsiqəsi Komitənin sədri tərəfindən bu barədə səlahiyyət verilmiş vəzifəli şəxs tərəfindən imza edilir və Komitənin gerbli möhürü ilə təsdiq edilir.

Məcburi köçkün statusu kimi artıq bu vəsiqələr də keçmişdə qaldı...

Şuşaya köçən jurnalist Kərim Kərimli də Modern.az-a açıqlamasında köçkün vəsiqəsi ilə vidalaşdıqlarını deyir:

“Artıq biz “Əlvida köçkün vəsiqəsi” deyə bilirik. Mən 32 il Şuşadan kənarda, Bakı şəhərində yaşamışam. Bakını həmişə minnətdarlıq hissi ilə xatırlayacam. Hazırda bu barədə ayrı bir böyük yazı hazırlayıram. Köçkün vəsiqəsi bizim üçün, demək olar ki, şəxsiyyəti təsdiq edən sənədə bərabər statusa malik idi. Qaçqınların və Məcburi Köçkünlərin, onlara bərabər tutulan şəxslərin statusu haqqında qanuna uyğun olaraq köçkünlər üçün qayda, qanunlar yazılıb, hazırlanmışdı. Onlara əməl edilməsi üçün sənəd kimi həmin vəsiqədən istifadə olunurdu. Mən 1998-ci ildə Qarabağ muzeyi yaratmışam. Bu muzeyi yaratmaqda məqsəd Qarabağdan qaçqın və köçkün düşən əhalinin özü ilə gətirməyə  imkan tapdığı əşyaları saxlamaq üçün nəzərdə tutulmuşdu. Kimsə evindən çıxarkən imkan tapıb bir xalça,  sandıq, başqa bir əşya gətirib, ancaq evində saxlaya bilmirdi. Darısqallıq idi. Köçkünlüyün ilk dövrlərində biz 14 nəfər bir otaqlı evdə qalırdıq. Mən bu  əşyaları toplayırdım. Sonra ideya genişləndi. Qarabağa aid əşyalar topladım. Orada qədim, qiymətli, adi əşyalar da var. Adi olan əşya belə bizim üçün qiymətli xatirədir. Bu muzeydə eksponatların sayı 500-ü keçib. Mənə və ailə üzvlərimə məxsus  həmin məcburi köçkün vəsiqələrini  muzeyin eksponatları sırasına yazmağı qərara almışıq”. 

Jurnalist qeyd edir ki, artıq onların ailələrinə məxsus məcburi köçkün vəsiqələri yaratdığı muzeydə qalacaq: 

“Köçkünlüyün ilk vaxtlarında bu vəsiqələr yox idi, biraz sonra hazırlandı. Onun yerinə arayış verilirdi. Sonra isə rəsmi çox səhifəli, qalın üzlü, qırmızı rəngli vəsiqələ təsdiq olundu. Bütün köçkünlərə paylanıldı. 18 yaşına çatmış vətəndaş məcburi köçkün idisə,  həmin vəsiqə ilə təmin olunurdu. O vəsiqə yox idisə, qanunla ona aid olan məsələlərin həllində çətilik çəkirdi. Məcburi köçkünlər üçün dövlət kommunal  xidmətləri güzəştli etmişdi. 18  yaşına çatmış şəxs ali məktəb tələbəsi və məcburi köçkün idisə, o həmin vəsiqəni təqdim etməli idi.  Bu sənəd yox idisə, güzəştlərdən bəhrələnə bilmirdi. Bununla yanaşı, təkcə güzəştlər yox,  öhdəlikləri də var idi. Məcburi köçkün nəyə əməl etməli idi, hansı qayda-qanunları gözləməli idi, vəsiqə bizim ikinci şəxsiyyət vəsiqəmizə çevrilmişdi. Əlbəttə bu çox kədərli idi. İndi də xatırlamaq kədərlidir.  Nə üçün mənim ömrümün 32 ili həsrət, nisgil içində keçməli idi? Köçkün vəsiqəsi hər dəqiqə  bizə xatırladırdı ki, sən köçkünsən, sənin evin, yurdun-yuvan işğal olunub. Sənə qarşı törədilən bu dəhşətli cinayətdə heç bir günahın yoxdur. Yeganə “günahın” sənin milliyətin və vətəndaşlığındır. Bu məsələ bizim üçün çox ağır idi. Şuşadan kənarda yaşadığımız illərdə sevincli, fərəhli xoşbəxt hadisələrimizdə olub, amma əsasən vətəndən kənarda sürgün, didərgin  edilmiş insanlar kimi həyatımız acılar içində  keçib.  İndi çox xoşbəxtdik. Bu vəsiqə ilə vidalaşmaq”. 

 

İnsan azad deyilsə, o tam xoşbəxt ola bilməz...

Kərim Kərimli məcburi köçkün statusundan azad yaşamağın necə hiss olduğunu belə ifadə edib: 

“İnsan azad deyilsə, o tam xoşbəxt ola bilməz. İnsanın azadlığı onun xoşbəxtliyidir. Ona isə köçkünlük həyatında azad olmuşuq.   Bu  böyük səadətdir. Hazırda mən Şuşa şəhərindəyəm. Öz mənzilimdə sizin suallarınıza cavab verirəm. 2020-ci ildən Şuşa azad olunub, ancaq bizim evlərimiz tikilməmişdi, düşəm şəhəri darma-dağın etmişdi, gəlməyimiz mümkün deyildi. Müxtəlif səbələrdən köçkün həyatına bərabər həyat yaşayırdıq.  İndi isə öz evimizdəyik. İstədiyin vaxt çıxıb gəzirsən, gözəllikləri seyrə dalırsan, qonşularla salamlaşıb, görüşürsən. Bəzən elə olur görürsən ki, uzun illər görmədiyin bir adam sənin bina, mənzil qonşundur. Bu da insanın həyatında  yeni başlanğıcdır, yeni səhifədir.  Mən hesab edirəm ki, biz yeni həyata başlamışıq. Bundan sonra Tanrının verdiyi ömürü güman edib, inanıram ki, çoxda böyük kədər olmadan yaşayacağıq.  Burada kədərli hadisələr baş versə, belə bu bizə təbii gələcək.  Çünki öz elimizdəyik.  Vətəndən uzaqda baş verən hadisələr  insana qeyri-təbii gəlir. Bütöv Azərbaycan məni bağışlasın, Bakı da bizim vətənimizdir, ancaq mənim  anam niyə Bakıda vəfat etməli idi? Bunu hər zaman düşünürdüm.  Anam xəstə, ağır olduğu zamanda demişdi ki, öz yerimdə olsaydım, mənim başıma bu işlər  gəlməzdi. İnsana elə gəlir ki, o öz yurdunda olanda daha uzunömürlü olur. Ev-eşiyində yaşayanda daha xoşbəxtdir. Öz torpağındadırsa, ömrü daha mənalıdır.


İndi biz də öz evimizdəyik. Hər an, hər dəqiqə bu xoşbəxtliyin ləzzətin aldıqca, bu torpaq uğrunda canından keçmiş döyüşçülərimiz, şəhidlərimizi xatırlayırıq.  Bu işdə cüzi belə xidməti olmuş hər kəsə  minnatdarlıq hissi qəlbimizi bürüyür”. 

"Bu vəsiqələr insanlar üçün əzablı günlərin xatirəsidir"

Laçın şəhərində yaşayan İsmayıl Ağayev də məcburi köçkün vəsiqəsi ilə vidalaşdığını bildirib.

"Amma tarixlə heç vaxt vidalaşmaq olmur. Bu bizim həyatımıza yazılmış tarixdir.  Cənab Prezidentin, şəhidlərimizin sayəsində bu kədərdən, sıxıcı həyatdan qurtulduq.  Nə qədər də olsa vətəndən kənarda yaşamaq heç xoşagələn deyildi. 1993-1994-cü illərdə məcburi köçkünlər üçün kifayət qədər çadır şəhərcikləri vardı. 2000-ci ildə o şəhərciklər ləğv olundu. İndi  vəsiqələr insanlar üçün o əzablı günlərin  xatirəsidir. 

Buna baxmayaaq, o günləri arxivə göndərdik. Amma insanların yaddaşıda əbədi qaldı. Hər bir ailədə xatirə albomu olur. Orada keçmişi xatırladan əşyalar olur,  elə şeylər var ki, ömür boyu qalır.  Həmin vəsiqədə xatirə albomumuzda qalıb, o keçən anları xatırladacaq. O vəsiqəni hər dəfə görəndə yaşadığımız və sevincə qovuşduğumuz günlər gözümüzün önündən keçəcək. Hacı Zeynalabdin Tağıyev milyonçu olduqdan sonra fəhləlik etdiyi zamanların palanını divardan asmışdı. Biz də xatırlayacağıq ki, bu vəsiqənin bizim həyatımızda müəyyən rolu olub. Üstünlükləri olub, bizi fərqləndirib. O vaxt bizi cəmiyyətdən fərqləndirsə də bu dövlətin qayğısı, bizə himayəsi idi". 

 

Zabuxdan olan Ziyadxan Məmmədov isə deyir ki, biz bu vəsiqəni saxlayıb, gələcək nəsillərə də göstərməliyik: 

“Biz indi Zabuxda yaşayırıq. Burada hər şey çox gözəldir. Bir vaxtlar köçkün olduğumuz heç yada düşmür. Doğma vətən, ana yurd hər şey çox ürək açandır. Mənəvi hissləri sözlə ifadə etmək mümkün deyil. Burada məcburi köçkün olduğumuz yadımızdan çıxır. Həyat öz axarı ilə davam edir. Sanki kəndəki adamlar 30 il heç məcburi köçkün olmayıb. Şükür hər kəs çalışır ki, burada qalıb, nəsə etsin.  Köçkün vəsiqəmi  bir xatirə kimi saxlamışam. Mənfurların, onların bizim başımıza gətirdiklərin unutmqmaq üçün...

O vəsiqəsini saxlayıb, daim xatırlamq lazımdır ki, sənin başına bu qədər oyun gətirib. Hərə bir tərəfə biri Bərdəyə, biri Göyçaya, biri Qaxa və sair dağılıb. Necə ki, indi bizim atamızın, babamızın qəbri Göyçayda, nənəmizi qəbri Bakıdadır, pərən-pərən düşmüşük. İnsanlarımız buranın həsrəti ilə dünyasını dəyişib. Ona görə o vəsiqə saxlamaq, gələcək nəsillərə göstərib, danışmaq lazımdır”. 


Xəbəri paylaş