Tarix: 30-05-2024 10:35 | Bölmə: Cəmiyyət / - | Baxış: 551
Xocalı hadisələrindən bəhs edən “Biz qayıdacağıq” filminə demək olar ki, hər anım günündə baxmışam.
Köçkün həyatı yaşayanlar bilər, illərlə ata-baba evində alın təri ilə qazanılan hər şeyi itirməyin nə mənaya gəldiyini. Üstəgəl, yaxınlarının məzarlarını o torpaqlarda buraxıb gəlmək...
Hətta bəzilərinə həyat o qədər belə ədalətli ola bilməmişdi. Gözlər qarşısında yaşanan faciələr, itirilən yaxınlar, torpağın soyuq üzündə yatmağa məhkum olan cansız bədənlər və dilə gətirmədiyim daha nələr, nələr...
Bizim köçkün həyatımız belə başladı. Evlərimiz çadırlar, paslı təkərlərin üstündəki vaqonlar oldu.
Hər toyda, bayramda işğal altında olan torpalarımıza oxunan dualar, ürəkdağlayan həyat hekayələri hələ də qulağımda cingildəyir.
Yaşım az idi bəlkə, amma dinlədiyim acı-şirin xatirələr məni və mənim kimi neçə-neçə uşağı vaxtından tez böyütmüşdü.
Bilirəm ki, bizim üçün hansı rayondan didərgin düşməyimizin heç bir fərqi yox idi. Məktəb gündəliyimizə həkk olunan “Qan yaddaşı”ndakı hansı günə yetişirdiksə, o gün oralı olurduq.
Yəqin elə buna görə, fikrimdə Xocalıdan ayrı düşən balaca Zakiri bütün məcburi köçkün uşaqlarının obrazına çevirmişdim.
Axı Tanrı adamlara daşıyacağından artıq yük vermir. 12 yaşında ailəsinin yükünü çəkən Zakirin çiyinləri nə qədər güclü imiş, İlahi!?
Yardım növbəsinə duran yüzlərlə yaralı insanı bir arada təsəvvür edə bilirsiniz?
Gecə yuxulardan dəhşətlə oyanan uşaqları demirəm hələ...
O filmdə bir nüans var. Gərək ağlım başımdan çıxa ki, mən o fraqmenti unudam.
“Bizim onsuz da Xocalıda evimiz var”. Hə, bax bu hissə. 30 ilə yaxın hər məcburi köçkünün xatirəsində yaşatdığı o ev...
Bir dəfə bu filmə baxanda babamla belə bir söhbətimiz olmuşdu:
-Baba, bizim də orda evimiz var?
-Var bala.
-Bəs biz nə vaxt qayıdacağıq?
-Qızım, biz ora hər gün yuxularımızda qayıdırıq. Ömür icazə versə, belə də gedəcəyik.
Qəribə gəlmişdi mənə. Uşaq ağlımla deyirdim ki, insan eyni yuxunu görməkdən heç bezməz? Görürdüm ki, hər şeyini itirən bu böyüklərin var olan bircə ümidi qalıb. Onu da yuxularında yaşadırlar.
Düzdür, babama o evə qayıtmağa ömür icazə vermədi.
Amma iki gün əvvəl Xocalıda ölkə başçısının yanında addımlayan sakinlərin gözlərində həm balaca Zakirin, həm də babamın bəslədiyi inancı, etimadı gördüm.
Onda başa düşdüm ki artıq yuxularımız çin olub. “Biz qayıdacağıq” da dönüb olub, “Biz qayıtmışıq”.
Telli Minbir