Vüqar Səfərlinin əmlakları özünə qaytarılır

Tarix: 08-08-2024 16:23 | Bölmə: Xəbər | Baxış: 172

Vüqar Səfərlinin əmlakları özünə qaytarılır

Üç ildən çoxdur həbsdə olan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (ləğv edilib-red.) rəhbəri Vüqar Səfərlinin əmlak davası başa çatıb.

Versiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Səfərlinin 12 əmlakının bir neçəsinin müsadirə edilməsini qanunsuz hesab edib.

Anar İbrahimovun sədrlik etdiyi məhkəmə tərkibi əmlakların cinayət baş verən dövrdən əvvəl alınması ilə bağlı dövlət qurumlarından gələn sorğuya cavabları və məhkumun vəkili Hikmət Əliyevin təqdim etdiyi digər sübutları araşdırdıqdan sonra belə qənaətə gəliblər.

Qərara əsasən, Vüqar Səfərlinin milyonluq evləri, torpaq sahələri və avtomobillər müsadirədən azad edilib. Həmin əmlaklar onun özünə qaytarılacaq.

Əmlakların siyahısı:

- Xətai rayonu, 8 Noyabr prospekti, 23 -ünvanında yerləşən qeyri-yaşayış sahəsi;

- Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi;

- Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi;

- Xətai rayonunda yerləşən “Amay” ticarət mərkəzindəki mağaza.

 

Prokuror qərardan narazı qalıb.

 

Qeyd edək ki, Vüqar Səfərli 2021-ci ildə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli mənimsəmə, rüşvət alma və digər cinayətlərdən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun üzərinə həbs qoyulmuş çoxsaylı əmlakları müsadirə edilib.

 

Sonrakı instansiya məhkəmələri keçmiş KİVDF rəhbərinin cəza müddətini qüvvədə saxlasalar da, Ali Məhkəmə onun özünün və ailə üzvlərinin adına olan əmlakların müsadirə edilməsi məsələsinə yenidən baxılmasını qərara alıb. İş həmin hissənin araşdırılması üçün apellyasiya instansiyasına qaytarılıb.


Xəbəri paylaş