Tarix: 06-09-2024 12:05 | Bölmə: Cəmiyyət / - | Baxış: 74
Son illər əhali arasında "Facebook" sosial şəbəkəsinə marağın azaldığı hiss edilir. Xüsusilə gənclər daha çox "TikTok" və "Instagram" kimi platformalara üstünlük verir.
Modern.az-a danışan informasiya texnologiyaları üzrə ekspert Fərrux Rəcəbli bildirib ki, bu gün gündəmdə olan ən populyar sosial şəbəkə "TikTok"dur, insanlar daha çox burada vaxt keçirirlər.
“İnsanlar hətta bizneslərini də buraya daşımağa başlayırlar. Çünki "TikTok"a maraq daha böyükdür. Bu dünyada bir çox ölkələrdə də belədir. "TikTok"da qarşı-qarşıya oyunlar keçirilir və həmin oyunlarda dəstəkçilər yayımçılara jetonlar göndərirlər və kim daha çox jeton qazansa qalib gəlir. Bununla yanaşı "TikTok"da paylaşımla bağlı sərbəstlik daha çox olduğu üçün insanlar istədiyi formada paylaşımlar edirlər. Bu növ nüanslar "TikTok" istifadəçilərinin sayını artırır. Bu da birbaşa "Facebook", "Instagram" və digər şəbəkələrə öz təsirini göstərir. Nəzər yetirsək görərik ki, "Instagram"da bu gün istifadəçi sayı əvvəlki dövrlə çox aşağıdır. Çünki bu platforma hazırda daha çox biznes məqsədli istifadə üçündür. "TikTok" isə daha çox maarifləndirici, insanların marağını çəkən yaxud kiminsə şəxsi mənfəətləri üçün etdikləri paylaşımlar üçündür. "Facebook"da isə son illərdə böyük dəyişiklik olmadığı üçün istifadəçilərin diqqətini cəlb edə bilmədi. İnsanlarda isə daim eyni şeyi gördükcə həmin şeydən bezmək kimi problem yaranır. Uzun illərdir eyni stil, rəngi gördükcə artıq sıxılırlar. Ona görə də digər sosial şəbəkələrdən istifadə edirlər”.
Ekspertin sözlərinə görə, Azərbaycanda "TikTok" əksər hallarda yaxşı məsələlərdə istifadə olunmur:
“Biabırçılıq, əxlaqsızlıq baş alıb gedir. Hər cür pis əməllər təbliğ olunur. Heyiflər olsun ki, insanlar da belə şeylərə daha çox maraq göstərir. Maraq göstərməsə də diqqətini cəlb edir. Mən gündəlik təcrübəmdə görürəm ki, orta yaş üstündə olan ziyalı təbəqə "Facebook"dan daha çox istifadə edirlər. Burada onları maraqlandıran yeniliklər, kiminsə bu istiqamətdəki paylaşımları hər zaman onların diqqət mərkəzindədir. Orada vaxt keçirir, maraqlanır, informasiya toplayırlar. Amma orta yaşın altında olan gənc kütlə demək olar ki, "Facebook"dan istifadə etmirlər. Etsələr də, məcburiyyət qarşısında edirlər. Bu məcburiyyət isə odur ki, əgər bu gün "Instagran"da reklam etmə istəyirsənsə, məcbursan ki, hesabını "Facebook"a bağlayasan. Buna görə bəlkə də məcbur qalıb istifadə edərlər. Amma orta yaş üstü ziyalı təbəqə çox nadir hallarda "TikTok" yaxud "Instagram"dan istifadə edirlər. Onlar hələ də "Facebook"a üstünlük verirlər. Ümumi statistikada isə "Facebook" istifadəçi sayı azalıb. Bunun baçlıca səbəbləri son illərdə heç bir diqqət çəkən yeniliyin olmaması və "TikTok"un bütün dünyada daha geniç çaplı yayılmasıdır”.