Tarix: 10-09-2024 10:31 | Bölmə: Müsahibə / - | Baxış: 31
"Allahdan başqa heç kim mənə kömək olmayıb"
"İndiki telejurnalistlərin əksəriyyətinin məqsədi tanınmaq, şöhrət sahibi olmaqdır"
Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü, şairə, publisist Telli Pənahqızı Modern.az-ın qonağı olub. Onunla müsahibəni təqdim edirik:
ANAM DEDİ Kİ, BAKIYA GET, AMMA KİMSƏ DEMƏSİN Kİ, SƏNİ BULVARDA, KÜÇƏDƏ GÖRÜB...
- Telli xanımı redaksiyamıza gəlişiniz bizim üçün çox xoşdur…
- Təşəkkür edirəm, elə mənim üçün də.
- Bakıya necə gəlmisiniz?
- Qatarla gəldim… (gülür). Mənim üçün təhsil almaq birinci yerdə idi. Mən orta məktəbi Qərbi Azərbaycanda bitirmişəm. Bizim camaatımız - vedililər regionun digər rayonlarından fərqli olaraq Azərbaycan dilinin saflığının keşiyində dayanan bölgə idi. Mən məktəbi bitirəndə artıq atamı itirmişdim, anam tək idi, 6 uşaq böyüdürdü. Anama dedim ki, oxumaq istəyirəm, dedi, get, amma bir şərtim var: deməsinlər ki, Pənahın qızı bulvarda gəzir, küçədə gördük onu, get, dərsini oxu.
Universitetə qəbul imtahanını məndən Bəxtiyar Vahabzadə götürdü, çox qəribə təsadüf idi. Həmin dövrdə yazılı və şifahi imtahan var idi. Yazılı imtahanda mövzum “ Anam doğma Azərbaycan” idi. Universitetin aditoriyası amfiteatr kimi idi, gəlib ən qabaqda, pəncərənin yanında oturdum, məndən başqa heç kim qabaqda oturmamışdı. Arxamca da heç kim gəlməmişdi, heç kim küçədə gözləmirdi məni. Bəxtiyar müəllim də hərdən gəlir pəncərədən boylanıb gedirdi. Mən də başladım mövzumu yazmağa, yazıb bitirdim, ağlamaya köçürəndə “Qara daşlar” ifadəsi var idi. Bəzi mənbələrdə sadəcə qara sözü böyük hərflə yazılırdı, bəzilərində isə həm qara, həm də daşlar sözü. İkisinin arasında qaldım. Mənə birdən cəsarət gəldi. Bəxtiyar müəllimin şeirləri ilə böyüyən adam idim və birdən dedim ki, "Bəxtiyar müəllim, olar sizi?". Abituriyent hara, Xalq şairini belə çağırmaq hara. Dedi ki, "buyur", sualımı verdim. Yazımı oxumağa başladı. Mən də yazımda Azərbaycanı lirik formada təsvir etmişdim. Belə bir cümləm var idi - Bizim kəndin yanından qatarlar keçir, üzərində "İrəvan-Bakı" yazılırdı. Mən o qatarlara baxıb qoşa relsləri anamın mənə uzanan qollarına bənzədirdim, sanki o qollar məni Bakıya çağırırdı.
Bunu oxuyan Bəxtiyar müəllim sanki dəli oldu, başladı mənə suallar verməyə “Ay bala, sən harda bitirmisən məktəbi, müəllimin kim olub?”. Mən də özüm haqqında ona danışmağa başladım. Dedi, "təəssüf ki, mən sənin yazını yoxlaya bilməyəcəm, diqqətli ol, yaxşı yaz".
Arxadakı uşaqlara boylanıb dedi ki, "baxın ey, sarmaşmısınız qoyun sürüsü kimi oralara, bu qara qızın canında görün nələr var".
Sonra gəldik ikinci imtahana Bəxtiyar müəllim də oturmuşdu. Zəkiyyə Qiyasbəyli gəldi, Bəxtiyar müəllim ona nəsə dedi. Bir də gördüm Camal Əhmədov girdi içəri dedi ki, "Bəxtiyar müəllim, siz aditoriyanı səhv salmısınız, siz bu aditoriyada imtahan götürməməlisiniz".
“Necə yəni, mən bayaqdan oturmuşam burada”, - belə deyinə-deyinə getdi Bəxtiyar müəllim. Mən də ürəyimdə fikirləşirəm ki, bundan "5" ala bilməsəm, tarixdən, ingilis dilindən çox güman ki, "5" ala bilməyəcəm. Mənə imtahandan keçmək üçün iki "5" lazım idi. Birinci suala cavab verdim. Üçüncü sual da uzun bir cümlə idi, mürəkkəb tamamlığı tapmaq lazım idi. Birinin altından xətt çəkdim, digərini dəqiq bilmirdim. Onu da Zəkiyyə xanım yoxlayırdı. Camal müəllim də mənə suallar verməyə başladı, mən də hər birini cavablandırırdım. Camal müəllim Zəkiyyə xanımdan soruşdu ki, "necədir təhlili?". Zəkiyyə xanım da dedi ki, "çox əla, mən "5" yazıram". Camal müəllim də dedi ki, "elə mən də "5" yazıram".
Beləliklə, universitetə qəbul olundum. 1 sentyabr idi, “İçərişəhər” metrostansiyasından çıxıb gedirdim universitetə, birdən Bəxtiyar müəllimi gördüm. Qaçdım Bəxtiyar müəllimin qarşısına, “Bəxtiyar müəllim, mən qəbul olundum ey” dedim. Bəxtiyar müəllim də üzümə baxıb soruşdu ki, "qızım sən kimsən?". Mən də cavab verdim ki, "Telliyəm ey, siz mənim yazıma baxmışdınız". O da tanıdı məni, dedi, "sabah yazı çıxacaq, baxarsan ona". "Kommunist" qəzetində 1 səhifəlik yazı yazmışdı - “Qəbul imtahanları nəyi göstərir?” başlıqlı. Sən demə, Bəxtiyar müəllimin oğlu da həmin il imtahan verirmiş. Bəxtiyar müəllim oğluna bir şillə vurmuşdu. Sonradan İbrahim Nəbioğlu mənə dedi ki, "İsfəndiyarın (Bəxtiyar Vahabzadənin böyük oğlu) sənə şillə borcu var, bəs, Bəxtiyar müəllim imtahandan sonra ona şillə vurub ki, kənddən gələn qızın yazısı məni doluxsundurdu, amma sən mənim oğlumsan, yaxşı yazı yaza bilməmişdin və s".
Birinci kursdan başlayaraq Nəsir İmanquluyev bizə dərs deməyə başladı. Mən ən ön cərgədə oturmuşdum. Əlini qoydu mənim çiynimə, aditoriyaya səsləndi, “kim yazı yazmaq istəyirsə gəlsin, mənim redaksiyama”. Səhəri gün getdim redaksiyaya, düz universiteti bitirənə qədər orada işlədim.
BAKILI QIZLARLA ÖZÜMDƏ FƏRQ GÖRMÜRDÜM…
- Bakıya ilk dəfə gəlirdiniz, özünüzü necə hiss etdiniz? Bakılı qızlarla özünüz arasında fərq görürdünüzmü?
- Gələndə düşündüyüm tək şey "mən bura gəlmişəmsə, oxumalıyam" idi. Mənim üçün xoşbəxtlik o idi ki, rayonda qalanda heç kəsin evində telefon, televizor yox idi, amma bizim evimizdə hər şey vardı. Kitabxanamız da var idi. Orta məktəbdə oxuyanda artıq Azərbaycan klassiklərinin hamısı ilə tanış idim. Ona görə də özümü heç kimdən əskik filan görmədim.
- Belə başa düşürəm ki, həyata kitab gözü ilə baxmısınız...
- Hə.
- Amma Bakıya gələndə gördünüz ki, həyat kitab kimi deyil?!
- Mən həyatımı kitab kimi yaşadım. Təmiz şeylər yaşadım, pisliklərdən uzaq oldum. Heç kəsə pislik etmədim, heç kimin pisliyini də istəmədim. Mən paxıl da deyiləm. Sözü deyirəm, o baxımdan bir az kobudluğum var. Kimisə, tərifləyə bilmərəm.
- Bu xasiyyət yaxşıdımı?
- Biz belə böyümüşük, mənim anam da, atam da belə olub - yalançı olmayıb, heç kəsin evini yıxmayıb. Uzun qış gecələrində qadınlar-kişilər yığışırdı bizim evə, kömür peçinin qırağına yığdıqları pambığı sərirdilər ki, pambıq yumuşalsın, çiyid rahat çıxsın. Mənə də deyirdilər ki, kitab oxu. Onlara kitab oxumağa başlayırdım. Yaxşı danışıq qabiliyyətim də oradan qaynaqlanır. Mənim nənəm də hərdən bizə əsəbiləşirdi. Bax, mən bu cür ailədə böyümüşəm.
- Bakıya gələndən sonra kəndiniz üçün darıxmadınız?
- Yox... Kim üçün darıxacaqdım ki? Mən bura oxumağa gəlmişdim.
- Onda realist olmusunuz, amma kənd qızları əsasən romantik olur.
- Məni kitab oxumaq realist etdi. Sevil Qazıyeva kimiləri haqda oxuyanda deyirdim ki, bunu onlar edibsə, biz niyə edə biməyək?
HƏYATDA ÖZÜM OLMAĞA ÇALIŞMIŞAM...
- Kimi özünüzə nümunə bilmisiniz?
- Heç kimi özümə nümunə seçməmişəm. Mən özbaşıma yaşayan adamlardan biri olmuşam. Həmişə özüm olmağa çalışmışam. Bəlkə də, bir az böyük səslənir, amma həmişə özüm kimi olmuşam. Çalışmışam, heç kimi yamsılamayım, heç kimə bənzəməyim, heç kimin etdiyi hərəkəti təkrar etməyim. Axşamlar müsahibə üçün tamaşalara gedirdim. Otururdum, tamaşalara baxırdım axşam düşünürdüm ki, evə bu vaxt necə gedəcəm. Hətta bir dəfə elə bilirdim kimsə, arxamca gəlir. Həmin gün evə çatıb ağlamışdım. Özümü belə-belə yetişdirdim.
- Gəldiniz Bakıya, sonra ailənizi də öz yanınıza gətirdiniz?
- Mən Bakıya yerləşəndən sonra böyük qardaşım da gəldi. Biz 6 uşaq olmuşuq, hamımız da ali təhsilliyik və demək olar ki, qardaş-bacılarımın hamısını mən yerbəyer etdim.
- Siz ananıza da analıq etmisiniz, bəs demək olarmı ki, siz anasız böyümüsünüz?
- Böyük bir ailənin yükünü üstümə götürdüm. Məndən böyük qardaşım da var, bacılarımla mənim aramda da cəmi 1 neçə yaş fərq var. Amma onların təhsilini də, ailə qurmağını da, bir sözlə, hər şeyini üstümə götürmüşdüm.
- Belə adamlar, adətən, öz həyatlarını ailələrinə qurban verirlər, siz də?
- Hə, mən də elə olmuşam. Peşman da deyiləm. Allah doğulanda hər birimizin missyasını taleyinə yazır, mənə də bunu yazmışdı.
- Taleyimiz öz əlimizdə deyil ki?
- Yəqin ki, deyildi...
ATAM MÜƏMMALI ŞƏKİLDƏ HƏYATINI İTİRDİ...
- Bəzi şeyləri insan özü seçir, bəzilərini isə yox. Bəs sizin həyatınızda seçimləri kim edib?
- Vicdan deyə bir şey var. Onu dərk etmək önəmlidir. Mən vicdanımla qərar vermişəm. Ailəmə baxmaq mənim vicdan borcum idi. Taleh həmişə qarşıma yaxşı insanlar çıxarıb, mən də yaxşı insan olmaq üçün yaşamışam. Mən hər zaman düşündüm ki, ailəmə baxmalıyam.
Atam rəhmətə gedəndə 34 yaşı var idi, yəni hələ gənc idi. Xəstəliyi də var idi. O vaxt mədəndə işləmək üçün apardılar, 3 gün sonra həyatını itirdi. Əslində, o vaxtdan ermənilər öz misyalarını həyata keçirirdi. Gizli-gizli azərbaycanlıları başsız, yiyəsiz qoyurdular. Tək atam yox, həmin vaxtlar bir çox insan müəmmalı şəkildə həyatını itirirdi. Düşünün ki, kişilər hamama gedirdi, orada guya ürək tutmasından ölürdülər.
- Atanızı itirdiniz, ailənizə atalıq da etdiniz. Uğurun açarı sizin üçün nədir bəs?
- Zəhmət... Mən bunun adını necə qoyum, bilmirəm. İnsan getdiyi yolu düşünməlidir. Ətrafındakı insanları tanımalıdır. Bəzən ilk dəfədən bu mümkün olmur. Zaman-zaman başın daşa dəyə-dəyə insanları tanımağa başlayırsan. Məqsədə çatmaq üçün addım-addım getmək lazımdır. Birdən-birə uğur qazanmaq mümkün deyil.
- Telli xanım, həyatın qəribə qanunu var. İnsan 1 yaşında da, 100 yaşında da düşünür ki, hələ ən dadlı yeməyi yeməyib, ona yaraşan ən qəşəng paltarı geyinməyib. Bu mənada sizin gözləntiləriniz nədir?
- Bilirsiniz, bu, çox gözəl hissdir. Bu, insanı yaşamağa həvəsləndirir. İnsanı insan edən, onu düz yoldan ayırmayan o istəkləridir. Ümid ən parlaq işığı görmək üçün gedilən yoldur. O, mütləq olmalıdır. İnsan da var ki, heç vaxt əlindəki ilə doymur, daha çox şey istəyir. Amma bu baxımdan mən ilahi qüvvəyə inanıram. Məni gələcəkdə nə gözləyir, nəyə layiqəm O bilir.
- Telli xanım, siz Həccə də getmisiniz, namaz da qılırsınız. Bizdə bəzən namaza son ümid kimi də baxırlar.
- Mən qatı dindar olduğum üçün Həccə getmədim. Allah belə yol açdı. Əmim bir dəfə mənə təklif etdi, imkanım yox idi. İşdə oturanda mənə zəng gəldi. Həmkəndlimiz Məzahir idi, dedi ki, Həccə getmək istəyirsiniz? Məni ağlamaq tutdu. Heç vaxt bu haqda düşünməmişdim. Qəribə hisslər idi. Evdə videomaqnitofonumuzun olub-olmadığını soruşdu, dedim yoxdur. Axşam evə gələndə anam dedi ki, bir oğlan gəlmişdi, nəsə bağlama gətirib. Açıb baxdım ki, içində 1 videomaqnitofon, kasetlər, 1000 manat pul və qeyd var. Qeyddə yazılmışdı, mən Məzahirəm, göndərdiyim kasetlərə baxın. Videolara baxdıqca düşünürdüm ki, o yolu necə gedəcəm, amma çox rahat getdim.
İkinci dəfə Həccə öz pulumla getdim. İnanılmaz gəlir mənə, düşünürəm ki, bəlkə də, yuxu görmüşəm. İkinci dəfə gedəndə Kəbə evinin ətrafında çox sayda adam var idi. Sonuncu təvafda Kəbənin düz yanında idim. Bir də gördüm yaşıl rəngli xalı var ayağımızın altında, yanımdakı qadına səsləndim və o yolla getdik, Kəbəyə toxunanda qəribə hisslər keçirdim. Geri qayıdanda o xalını görmədim, insanlar da birdən-birə o qədər çoxaldı ki... Hər bir kəsin Allahı onun içindədir. Bunun namaz qılmağa da, oruc tutmağa da heç bir dəxli yoxdur. İnsan insanlıqdan çıxmamalıdır.
- Sanki darıxırsınız...
- Darıxanda, darıxıram. Ən çox anam üçün darıxıram. Atam və nənəm üçün də darıxıram. Məni nənəm böyüdüb. Onun sözləri, çəkdiyi məsəllərlə böyüdüm.
- Telli xanım, Bakıya gəldiniz, illərlə burada qaldınız. Bəs özünüz kimi biri çıxdımı qarşınıza, heç haradasa balaca Telli ilə qarşılaşdınızmı?
- Axtarmamışam hələ, bəlkə də, görəcəm.
- O, axtarmaqla deyil axı. Qarşınıza çıxmadı?
- Bəlkə də mən fikir verməmişəm. Mənim kimi düşünən, hərəkət edən birini hələ ki görməmişəm, məncə.
- Səbəb nədir, eqoistsiniz?
- Xeyr, bu, eqoistlik deyil. Görmürəm, yalandan nə deyim sizə.
- İlk sevgidən sonra dünya gözündə olmur, bu, təxminən sizin fikirlərdi. Amma adam da var, 80 yaşında da sevə bilir, bəs siz bu barədə nə düşünürsünüz?
- İş burasındadır ki, digər insanların düşündüyü kimi sevməmişəm mən. Həyatımda sadəcə bir insanı sevmişəm. Onu da o qədər ideallaşdırmışam ki, nə mənim əlim çatıb ona, nə də onu o səviyyədə görmüşəm. Bir şeirimdə belə bir hissə var - “Sevdim insanları dəlicəsinə, məni dəli kimi sevən olmadı”. Mən istərdim ki, mən sevdiyim adam, mənim onu sevdiyim qədər məni sevsin, mənə qarşılıq versin. Hər şeyindən keçməyə hazır olsun, amma eləsi olmadı.
- Hər kəsin həyatında ilk sevgi olur, amma sonra başqasını da sevə bilir. Bəs, siz niyə sevə bilmədiniz?
- Nə bilim, mən sevə bilmədim də. Qəribə insanam o baxımdan.
- Həyat sevgidən ibarətdir axı...
- Mənim çox böyük ailəm var, onları sevirəm.
- Mövzunu dəyişək, jurnlistlik dövründə ən maraqlı xatirələriniz nə olub?
- Həmişə konkret insan olmuşam, nə var onu danışmışam. Siz təsəvvür edin ki, mən Heydər Əliyevdən müsahibə almağa getmişdim. Ona dedim ki, "Heydər müəllim, deyirlər axı, sizin gözünüzdən hamı qorxur". O da gülüb dedi ki, "sən nə yaxşı qızsan". Mən heç vaxt nədənsə çəkinmədim. Bu, Heydər Əliyevin də xoşuna gəlmişdi. Bir neçə dəfə demişdi ki, "müsahibəni məndən Telli gəlib alsın". O, maraqlı, çətin adam idi. Moskvadan gələndən sonra bir az xəstə idi. Babək müəllimə (Babək Hüseynoğlu, AzTV-nin keçmiş sədri - red.) zəng edib demişdi ki, "Telli gəlsin müsahibəyə". Niyə Telli? Çünki məni əvvəldən tanıyırdı. 20-21 yaşım var idi, o vaxt Filarmoniyada SSRİ Bəstəkarlar İttifaqının sədri olmuş Tixon Xrennikovun konserti var idi. Mən də "Mədəniyyət xəbərləri"ndə çalışırdım, çəkilişə məni göndərmişdilər. İçəri girəndə məni rəhmətlik Niyazi qarşıladı. Heydər Əliyev, Zərifə xanım, İlham Əliyev hamısı dayanıb içəridə Tixon Xrennikov ilə söhbət edirdilər. Heydər Əliyev məni görüb gülümsündü. Dedi ki, "o, bizim ən ümidverici jurnalistlərimizdəndir".
Sonra mən Tixon Xrennikovdan müsahibə aldım. O vaxtdan məni yadda saxlamışdı. Zərifə xanımla da bir neçə dəfə görüşmüşəm. Onun Çini qablar zavodunda xüsusi laboratoryası var idi. Tozların insan gözlərinə təsirini araşdırırdı, məni çox səmimi qarşılamışdılar. Heydər Əliyev Bakıya gələndə "91-lər" parlamentin qabağında idilər, bir tərəfdən də Hacı Əbdülün dəstəsi var idi. Mən o vaxtlar siyasətdən yazmağa başlamışdım. Bu vaxtlar elə o, Babək müəllimə zəng etmişdi ki, Telli müsahibə üçün gəlsin. Getdik. Bəylər müəllim qarşıladı bizi, birinci qapını açdı, ikinci qapını Heydər Əliyev özü açmışdı. İçəri girdik, bizimlə görüşdü, mənə dedi ki, "bilirəm, sən mənim üçün çox əziyyət çəkmisən". Mənə təəccüblü gəldi ki, mən neynəmişəm, axı. Bu, bizim söhbətimiz üçün körpü idi. O vaxt "91-lər" plakat-filan açmışdılar, bizdə çəkirdik, amma efirə vermirdilər. Mən də etiraz etmişdim ki, biz xəbər veririk də... Tədbiri çəkib geri qayıdırdım. İki nəfər məni saxladı, “Telli niyə çəkirsiniz, vermirsiniz televizyaya”. Mən dedim ki, "elə bilməyin, mən o kişini sizdən az istəyirəm, çalışacam çəkdiklərimiz bu gün efirə getsin". Dəfələrlə, rəhbərlikdən xahiş etdim. O kadrlar sonda efirə getdi. Heydər Əliyevə də bunu çatdırmışdılar. Sən demə, elə əziyyət dediyi bu imiş. Həmin gün müsahibəni almazdan əvvəl 2 saat söhbət etmişdik, sonra müsahibə başladı. Jurnalistlərin ən böyük uğuru qarşısındakı insanla dil tapmaqdadır.
- AzTV-də neçə ildir işləyirsiniz?
- 40 ildən çoxdur.
- Neçə rəhbər dəyişmisiniz?
- 8 rəhbər. Mən AzTV-yə gələndə Qurban Yusifzadə idi. Sonra Elşad Quliyev, Qeysər Xəlilov, Məmməd Murad, Məmməd İsmayıl, Babək Hüseynoğlu, Nizami Xuduyev, Arif Alışanov rəhbər oldular. İndi də Rövşən Məmmədov rəhbərdir.
- Bu insanlar arasında hansı fərqlər var? Kimi AzTV-nin əsl rəhbəri kimi görmüsünüz..
- Mən düşünürəm ki, saytın rəhbəri jurnalist olmalıdır, televizyanın rəhbəri televizyaçı olmalıdır. Çünki o, televizyaçının nə çəkdiyini bilməlidir. Rövşən Məmmədov elə biridir. O hiss edir ki, jurnalist nə çəkir, nə istəyir və s. Mənim üçün AzTV-nin ən yaxşı rəhbəri Babək Hüseynoğlu, Elşad Quliyev və Rövşən Məmmədovdur.
- Hansı verlişlərə baxırsınız? İndiki verilişləri bəyənirsinizmi?
- Baxıram, amma onların heç birində bizim dövrümüzdəki kimi yaradıcılıq yoxdur. Keyfiyyətli araşdırmalar, insanların dərdinə çarə tapan verlişlər yoxdur. Adda var ancaq.
- Burada sizi də günahkar hesab etmək olar? Çünki siz də jurnalistləri yetişdirən şəxslərdənsiniz.
- Mən indi yetişdirirəm. Yetişdirdiyim qədər də yetişdirmişəm. Bizə baxıb çox qadın örnək götürüb, bu sahəyə gəlib. Biz insanlara danışmağı öyrətdik. Bizin məşhur telejurnalist Sevil Nuriyeva hər yerdə mənə görə jurnalist olduğunu deyir. Belə məqamlar çoxdur.
- Telli xanım,1989-cu ildən ölkədə “Yeraz” ifadəsi yarandı. Bu ifadə ilə aranız necədir? "Yeraz" olmaq sizə nə qədər kömək oldu?
- Bu ifadəni heç sevməmişəm. "Yeraz" - "Yeravan azərbaycanlısı" mənasında istifadə olunan söz idi. Çox istifadə olunub, amma mənə heç kim elə müraciət etməyib. Mənə köməyə qaldıqda, Allahdan başqa heç kim mənə kömək olmayıb. Mən həmişə özümə güvənmişəm.
- Qərbi Azərbaycan üçün darıxırsınız?
- Darıxmıram. Qərbi Azərbaycandan çıxanda 16 yaşım vardı. Fikirləşirəm ki, mən gedəcəm ora, sevdiklərimin heç biri yoxdur orada - nənəm yox, atam yox, anam yox. Bizim camaat 1968-ci ildən Vedidən köçüb. Getsəm, bu gün kənddə nə görəcəm? Nə qəbiristanlıq qalıb, nə məktəb, nə də başqa şey. Sinif yoldaşlarım da, müəllimlərim də, qonşularım da yoxdur.
- Yaş artıqca nostalji hisslər daha da güclənir. Hisslər daşlaşır bəs?
- Daşlaşmır, əlçatmaz olduğunu başa düşürsən, gerçəkliyi başa düşürsən. Zamanla özün-özünü qınayırsan ki, onsuz da bu olmayacaq da, niyə fikirləşəsən ki onu. Amma o da mümkün deyil. Biz dağa gedirdik, gecə çıxırdıq yola, dağ yolu ilə gedəndə maşının işığı yola düşürdü, çınqılların üzərinə düşən işıq onları dağ kimi göstərirdi. Otlar arasında gedəndə onların xışıltısı yadımdadır, dağ çayı necə daşırdı, səsi necə gəlirdi. Bəlkə də 60 il keçib, amma hər şey yadımdadır. Nostalji hisslərim qalıb, amma reallıq da var - gedəcəksən, görəcəksən heç nə yoxdur.
- Uşaqlıq xatirələrinizdən başqa nə danışa bilərsiniz?
- Bakıda yadda qalan çox şey ağrılıdır, amma uşaqlıq xatirələrimiz qayğısız keçib. Mən xatırlayıram, heç vaxt "son zəng"də iştirak etməmişəm, sentyabrın 1-i dərsə gəlmirdim, dağda olurduq. Atamın iş yeri mənim məktəbimin yanında idi, evdən çıxanda nənəm lavaş bişirib mənə dürmək hazırlayırdı. Çantamı atam götürürdü, üzümə külək vurduğundan o dürməyi güclə yeyirdim. Atam deyirdi ki, nəsə yeyə bildin? Mən də deyirdim ki, külək yedi.
- Artıq Qərbi Azərbaycana qayıdış məsələləri gündəmdədir, Qərbi Azərbaycan icması yaranır. Bu istiqamətdə görülən işlər və Telli Pənahqızının gənc nəsilə bu mövzuda tövsiyəsi nə olardı?
- Düşünürəm ki, heç vaxt Qərbi Azərbaycana giriş barədə heç nə düşünülməyib. Bizim köçümüz də ilk köç deyilfi oradan çıxan. Vedinin bəzi yerləri xarabalıq filan idi, ot bitmirdi, nənəmdən soruşurdum ki, niyə buralar belədir, o mənə danışırdı ki, o vaxt ermənilər - Andranikin adamları iclas adı ilə yığırdı insanları evlərə, yandırırdılar. Sonda insanlar da qaçırdı İrana, Sovet hakimiyyəti qurulandan sonra bəziləri qayıtdı, bəziləri qayıtmadı. O insanların başına çox faciə gəlib. Təbii ki, bizim ora qayıtmağımız indi haqqımızdır.
- Məktəblərdə, mediada bu mövzuda hansı işlər görülməlidir?
- Anaların, qadınların üzərinə çox böyük vəzifə düşür. Kimliyindən aslı olmayaraq ölkənin hər bir vətəndaşı düşünməlidir ki, mən Qərbi azərbaycanlıyam. Bu, bizim ümumi problemimizdir. Dünənə qədər biz deyirdik, hamımız qarabağlıyıq. Bu gün də eyni ruhla Qərbi Azərbaycana qayıdışı təbliğ etməliyik. Əvvəla şəhərlərin yükü azalmalıdır, insanlar öz vətəninə qayıtmalıdır. Ermənilər ora “Türkmənistan” müqaviləsindən sonra gəlib.
- Azərbaycan anası necə olmalıdır, bu gün siz sadaladığınız yükü boynuna götürə bilərmi?
- Biz Qarabağ müharibəsində Azərbaycan anasının necə olduğunu gördük. Tabutu öz çiynində daşıyan analar var idi, mən onların hər birinin qarşısında baş əyirəm. Bu gün o anaların da məqsədi, niyyəti bu olmalıdır ki, Qərbi Azərbaycan torpaqları da bizimdir, onu da sevməliyik, öyrənməliyik. Biz o torpaqda bir çox adətlərimizi qoyub gəlmişik, bax, onlar öyrədilməlidir. İndi yaşlı nəsil də çox qalmayıb,axı. Gənclərimiz gedəcək. Onları da o köklərə qaytaracaq analar olmalıdır.
- Siz Azərbaycan televizisyasında 40 ildən çox çalışmısınız, mədəniyyət sahəsində ilk ixtisaslaşmış jurnalist olmusunuz. Bəs indi televizyanın mədəniyyətə verdiyi töhfəni necə qiymətləndirirsiniz?
- İndiki jurnalistlərin əksəriyyəti televiziyadan xəbərsiz insanlardır. Onların əsas məqsədi tanınmaq, şöhrət sahibi olmaqdır. Onlar üçün sözün qədrini bilmək, onun çəkisini anlamaq, həmin çəkinin kiməsə nəsə qatmasını görməyin heç bir mənası yoxdur. Bizim qoyduğumuz ənənələrin heç biri qalmayıb. Mədəniyyət sahəsi də onun kimi. İki müğənni çağırırlar ki, çal-oyna. Bu, mədəniyyət hesab olunmur. Televiziyalar evimizin ən gözəl yerində olur, biz evlərin çağrılmamış qonaqlarıyıq, cəmiyyətə, o evə layiq olmalıyıq. Jurnalistlər bunu düşünsə, televiziya verlişləri də inkişaf edəcək.
- Bizimlə səmimi söhbətiniz və xatirələrinizi bölüşdüyünüz üçün sizə çox təşəkkür edirik, Telli xanım.
- Mən sizə çox təşəkkür edirəm, səmimiyyət, gözəl söhbət və yüksək qonaqpərvərlik üçün çox sağ olun!