Tarix: 25-09-2024 16:15 | Bölmə: Xəbər / - | Baxış: 52
Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyası tərəfindən istehsal edilən JF-17C (Block-III) təyyarələri Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.
Qırıcılar bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təqdim olunub.
Qeyd edək ki, müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri ilk uçuşunu 2019-cu ilin dekabrında həyata keçirib. Model pilot kabinəsinin modernləşdirilmiş elektron avadanlıqlarına və radiolokasiya sisteminə malikdir.
Təyyarə hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.
Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, sözügedən qırıcılar Azərbaycanın pilotlu aviasiya potensialını daha üstün səviyyəyə çıxaracaq:
"Azərbaycanın hərbi hava qüvvələri JF-17C hərbi təyyarələri olmadan da potensialına görə Cənubi Qafqazın ən üstün döyüş imkanına malik idi. Bu təyyarələrin alınması çoxdan müzakirə olunurdu. Ümumiyyətlə, Azərbaycan Vətən müharibəsindən sonrakı dövrdə hava qüvvələrinin pilotlu aviasiya parkını yeniləməkdə qərarlıydı. Bu ilin əvvəlində həmin təyyarələrin alınması barədə mətbuatda təsdiqlənməyən məlumatlar mövcud idi. Artıq bu təyyarənin ölkəmizə gəlməsi, Bakı səmasında uçuşlar etməsi və ADEX sərgisi çərçivəsində onun Ali Baş Komandanımıza təqdim edilməsi bu təyyarələrin Azərbaycan tərəfindən alınmasından xəbər verir. Təyyarələr 3 versiyada istehsal edilir. Azərbaycan onun ən modernləşdirilmiş, son versiyası olan "Blok III" qırıcılarını əldə edir. Bu, bir daha Azərbaycanın pilotlu aviasiya potensialını daha üstün səviyyəyə çıxaracaq. Sözügedən hərbi təyyarələrin uzaqmənzilli və idarə olunan raketlərdən istifadə etməsi, müasir radiolokasiya stansiyası, radioelektron müdafiə kompleksi, həmçinin müasir radioelektron avadınlıqları ilə təchiz olunması onun döyüş şəraitində anoloqları üzərində ciddi üstünlük əldə etməsinə imkan verir".
Hərbi ekspert söyləyib ki, hərbi təyyarədən istifadə üçün pilotların hazırlanması da uzun çəkməyəcək:
"Pilotların hazırlanması çox da uzun çəkməyəcək. Çünki biz daha əvvəl Pakistandan "Super Muşşak" təyyarələri əldə etmişdik. Məhz bu təyyarələr vastiəsi ilə pilotlarımızın digər vasitələrlə, o cümlədən JF-17 və F-16-larla tanışlığı olub. Daha əvvəl Azərbaycanla Türkiyə hərbi qüvvələrinin birgə təlimləri zamanı digər ölkələrin istehsalı olan hava vasitələri ilə tanış olmuşuq. Hesab edirəm ki, təlim müddəti qısa müddətdə yekunlaşacaq".