Tarix: 14-05-2024 10:52 | Bölmə: Siyasət / - | Baxış: 749
Qarabağda Türkiyə konsulluğunun açılması üçün heç bir siyasi əngəl qalmayıb; Fərəc Quliyev: “Bunun hərbi anlamı qalmayıb, daha çox siyasi-iqtisadi cəhətdən mühümdür”
Türkiyənin Bakıdakı səfirliyi ilə yanaşı, Gəncə və Naxçıvanda konsulluğu fəaliyyət göstərir. Belə məlumatlar var ki, növbəti konsulluq Xankəndidə açıla bilər.
Bununla bağlı “Yeni Müsavat”a gələn xəbərlərə görə, qardaş ölkənin Xankəndidə konsulluğunun fəaliyyətə başlaması nəzərdə tutulur. Qarabağın yuxarı bölgəsində “boz zona” təmizləndikdən sonra bütün ərazilərdə suverenlik tam təmin olunub. Rusiya sülhməramlı kontingenti də bu ayın sonuna qədər tamamilə regionu tərk edəcək. Eyni zamanda Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb. Doğrudur, Şuşada olarkən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı jurnalistlərlə söhbətində rəsmi Ankaranın Şuşada konsulluq açmaq üçün Azərbaycana müraciət etdiyini bildirib. Onun sözlərinə görə, Xankəndidə konsulluq açmaq üçün şəhərin hazır olması lazımdır. “Şuşada konsulluq açmaq üçün müraciət etdik. Bu məsələ ilə bağlı iki dövlət arasında danışıqlar davam edir. Türkiyə bu prosesin dəyərləndirməsi içindədir və yeri gələndə açıqlanacaq”, - deyə səfir vurğulayıb.
Lakin redaksiyamızı məlumatlandıran qaynaqlar konsulluğun Xankəndidə açılmasının nəzərdən keçirildiyini qeyd edirlər. Təbii ki, bu da ciddi simvolik məna daşıyacaq. Çünki 35 il Xankəndi terrorçu və separatçı yuvası olub. Üstəlik, türk səfirin şəhərin hazır olması ilə bağlı söylədiklərinə düzəliş etmək olar - Xankəndidə bütün infrastruktur mövcuddur, inzibati binalar var, o baxımdan Türkiyə konsulluğunun bu şəhərdə açılmasına hər hansı əngəl yoxdur. Ümumilikdə isə istər Xankəndidə, istər Şuşada olsun, fərq etməz, əsas olan azad Qarabağda qardaş Türkiyənin konsulluğunun açılmasıdır.
Onu da deyək ki, ötən həftə 32 ildən sonra keçmiş məcburi köçkünlərin bir qrupu Şuşaya döndü. Təbii ki, proses bundan sonra daha intensiv şəkil alacaq və təkcə Şuşaya deyil, digər şəhər və kəndlərimizə də öz qanuni sakinləri geri dönəcək. Sözsüz ki, Böyük Qayıdış sürətləndikcə Şuşa daxil, Qarabağda məskunlaşma daha geniş vüsət alacaq. Bu da Şuşada diplomatik nümayəndəliyin qurulmasını xeyli tezləşdirəcək. Bəs Qarabağda qardaş ölkənin konsulluğunun açılması nə demək olacaq, hansı önəm daşıyacaq? Konsulluğun açılmasına mane olan hansısa siyasi əngəl varmı?
Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a açıqlamasında Qarabağda Türkiyə konsulluğunun açılması üçün heç bir siyasi əngəl olmadığını qeyd etdi. Onun sözlərinə görə, Azərbaycanın istənilən yerində konsulluq açılmasını təmin edə bilərik: “Sadəcə, əvvəlki qədər əhəmiyyəti qalmayıb. Çünki rus qoşunları regionu tərk edib, gəlmə ermənilər də Qarabağdan gediblər. Ona görə Şuşada, ya Xankəndidə açılması fərq eləməz. Bu gün iki qardaş ölkənin ortaq davranışları, azad edilən ərazilərdə aeroportların qurulması, şəhərlərin yenidən tikilməsində Türkiyəyə böyük yük düşməsi baxımdan konsulluq açılması da əhəmiyyət kəsb edir. Amma bunun hərbi anlamı qalmayıb, daha çox siyasi-iqtisadi cəhətdən mühümdür. Buna qədər Şuşa Bəyannaməsi imzalanıb, o nöqteyi-nəzərdən də konsulluq açılması önəmlidir. Dünyanın bizim üzərimizdə oyunlar qurmaq istədiyi bir vaxtda bu addımla profilaktik cavab vermiş olacağıq”.
Xəzər Teyyublu
Hüquq müdafiəçisi Xəzər Teyyublu isə bildirdi ki, bu, rəsmi Ankaranın artıq Qarabağda olması sayılacaq: “Və Türkiyənin Cənubi Qafqazdakı mövqelərini daha da gücləndirəcək. Rusiya və İran Türkiyənin bu addımına qısqanclıqla yanaşa bilərlər. Amma reallığı qəbul edəcəklər. Onlar da Qafanda konsulluq açırlar. Sadəcə, dövlət Xankəndi və Şuşada konsulluğun açılması üçün ən doğru zamanı gözləyəcək. Azərbaycan və Türkiyə arasında məsləhətləşmələr sürətlənəcək. Rus qoşunlarının çıxmasından dərhal sonra bunun reallaşacağını gözləmirəm. Hər halda, fasilə veriləcək ki, Moskvanın da diqqətini dərhal cəlb etməsin”. X.Teyyublu hesab edir ki, konsulluq siyasi anlam daşıyır, lakin Qarabağa köçün daha da sürətlənməsi, aeroportlardan Türkiyəyə uçuşların başlaması fonunda onun açılışının olması yerinə düşər.