Tarix: 14-05-2024 11:09 | Bölmə: Mədəniyyət | Baxış: 864
Polşanın Bohoniki şəhərində Polşa Tatarları İttifaqı tərəfindən Novruz bayramı ilə əlaqədar tatar bahar festivalı təşkil olunub. Festivalda bu bölgədə yaşayan və 600 illik tarixə malik tatar icmasının mədəniyyəti, Novruz ənənələri nümayiş etdirilib. Tədbirdə, həmçinin Azərbaycan, Qazaxıstan, Türkiyə türklərinin mədəniyyətlərindən və rəqslərindən nümunələr təqdim olunub.
Versiya.az xəbər verir ki, festivalda çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova artıq üçüncü ildir səfirliyin Novruz bayramını - yazın gəlişini, təbiətin dirçəlişini, mənəvi saflığı və bərabərliyi qeyd etmək üçün tatar icması ilə bir araya gəldiyini bildirib. O, Azərbaycan xalqı üçün də əziz olan Novruz bayramının 300 milyondan artıq insan tərəfindən qeyd edildiyini diqqətə çatdırıb. Novruzun fəlsəfəsində birliyin dayandığını deyən səfir bu bayramın xalqlar və mədəniyyətlər arasında körpü rolunu oynadığını, dialoqu təşviq etdiyini vurğulayıb. Xatırladıb ki, Azərbaycan Səfəvilər Dövlətinin banisi, şair Şah İsmayıl Xətayi “Dəhnamə” poemasında Novruzu təkcə baharın gəlişi və təbiətin oyanışı kimi deyil, eyni zamanda, məhəbbətin dirçəlişi kimi tərənnüm edib.
N. Qurbanova Novruz şənliklərinin ən qədim qrafik sübutlarının ölkəmizin paytaxtı Bakı şəhərindən 60 kilometr məsafədə - Qobustan ərazisində yerləşdiyini, həmin ərazidə 10-20 min yaşı olan qayaüstü rəsmlərin Azərbaycanda Novruzun qədim köklərini əks etdirdiyini vurğulayıb.
Uşaqlar və böyüklər üçün müxtəlif əyləncələri nəzərdə tutan zəngin proqrama malik festivalda “Buncuk” tatar rəqs və vokal ansamblı, tatarəsilli müğənni Karolina Çixa çıxış ediblər. Festival çərçivəsində kulinariya, eləcə də at şouları, oxatma və qılıncoynatma yarışları təşkil olunub.
Festivalda, həmçinin azərbaycanlı tələbələr Leyla Əsgərova və Nihad Quliyevin ifasında təqdim edilmiş Azərbaycan rəqsləri, habelə milli mətbəxinin ləziz təamlarından olan şirniyyatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Səfir N.Qurbanova tədbir çərçivəsində yerli radioya müsahibə verib.