Tarix: 10-12-2024 11:06 | Bölmə: Siyasət / Manşet / - | Baxış: 32
Sülhə nail olmaq üçün Ermənistan Konstitusiyasında mütləq dəyişiklik edilməlidir.
Versiya.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov "Azərbaycanla Ermənistan arasında Sülh Razılaşmasının imzalanmasına əsas maneələr" adlı tədbirdə deyib.
Nazir müavini qeyd edib ki, müharibədə qələbə qazanmış tərəf heç vaxt sülh təklif etmir: "Ancaq biz bu istiqamətdə addımlar atmışıq".
O qeyd edib ki, Azərbaycan sülhün prinsiplərini işləyib hazırlayıb:
"Azərbaycan və Ermənistan arasında sülh istiqamətində maneələrdən danışdıqda qeyd edilməlidir ki, 30 il Azərbaycan əraziləri Ermənistan işğalı altında olub. 2020 və 2023-cü illərdə ərazilərimiz işğaldan azad ediləndən sonra isə Ermənistana sülh barədə təkliflərimizi göndərmişik. Müharibədə qələbə qazanmış tərəf heç vaxt sülh təklif etmir, ancaq biz bu istiqamətdə addımlar atmışıq".
Elnur Məmmədov bildirib ki, sülh müqaviləsinin imzalana bilməməsinin səbəblərindən biri masa arxasında Ermənistan nümayəndə heyətinin üzvlərinin fərqli mövqelərdən çıxış etməsidir:
"ABŞ, Rusiya, Qazaxıstanda sülh üçün danışıqlar aparılıb. Ancaq sülhün imzalanmasında maneə nədir ki, dayanıqlı sülh əldə olunmur? Birinci maneə odur ki, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunmasıdır. İkinci maneə isə masa ətrafında oturduqda Ermənistanın deliqasiyaları fərqli mövqeləri müdafiə ediblər".
E.Məmmədov diqqətə çatdırıb ki, ikinci məsələ Ermənistanın Roma statutuna qoşulması ilə bağlıdır. Digər məqam isə onların Azərbaycan əleyhinə fikirləridir: "Əgər ölkələr sülh istəyirlərsə, razılığa gəlməlidirlər".
O bildirib ki, Azərbaycana qarşı aqressiyalara baxmayaraq, Ermənistanla razılığa gəlmək mümkündür.
"İnanıram ki, qarşı tərəf səsimizi eşidəcək, Qafqazda sülhə və tərəqqiyə nail olacağıq", - nazir müavini əlavə edib.