Tarix: 11-12-2024 17:10 | Bölmə: Cəmiyyət | Baxış: 25
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Yevlax Rayon İcra Hakimiyyətinin rəsmilərinin, Azərbaycanda səfərdə olan Rusiya Elmlər Akademiyasının Aqroekologiya Federal Elmi Mərkəzinin nümayəndələrinin və rayon ictimaiyyətinin iştirakı ilə Yevlax rayonu ərazisində bir sıra tədbirlər təşkil olunub.
Versiya.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Yevlax rayonu Cırdaxan meşəbəyliyinin əvvəllər zərərverici və xəstəliklərə yoluxaraq qurumuş 30 hektar ərazisində aparılan meşəbərpa tədbirlərinə qatılıb. Sözügedən ərazidə ümumilikdə, 4700 ədəd Şərq çinarı və qara şam ağacı əkilib.
Qeyd edək ki, 30 hektar sahəni əhatə edən ərazinin artıq 27 hektarında meşə əkini işləri yekunlaşıb, növbəti günlərdə qalan ərazidə də Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən meşəbərpa tədbirləri davam etdiriləcək.
Daha sonra iqlim dəyişmələrinin meşə bitkilərinə təsirinin araşdırılması məqsədilə Meşələrin İnkişafı Xidməti ilə Rusiya Elmlər Akademiyasının Aqroekologiya Federal Elmi Mərkəzi arasında bu il imzalanmış meşə təsərrüfatının təkmilləşdirilməsi çərçivəsində elmi-praktik əməkdaşlıq haqqında Memoranduma uyğun olaraq Kür-Araz ovalığında və Samur çayının Azərbaycan və Rusiya hövzələri ətrafındakı meşələrdə aparılan elmi-tədqiqat işləri ətrafında müzakirələr aparılıb.
Tədbir iştirakçıları oduncağın əvəzedicisi olan tullantılardan hazırlanmış pelet xammalının istehsalı prosesinə baxış keçirib. Alternativ yanacaq növü olan pelet xammalının hazırlanması və sobalarda yanma prosesi nümayiş etdirilib.
Yekunda Kür çayının hövzəsinə 32000 ədəd balıq körpəsi buraxılaraq onların təbii artımına və bərpasına dəstək göstərilib.