Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı - RƏSMİ
Təqiblərə məruz qalan məşhur ŞUŞALI - ARAŞDIRMA
Tofiq Zülfüqarov Türkiyə hərbçilərinin gəlməsini istəyənləri “xroniki axmaq” adlandırdı
“Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...”
“Dağların içində elə bir qala tikməliyik ki, düşmən bata bilməsin...” - Şuşa şəhərinin tarixi
18.11.2020 20:51
Bölmə:Tarix 94 dəfə oxunub

Şuşa şəhərinin tarixi – Birinci yazı

Vətən müharibəsinin həsrətlə gözlənilən tarixi anı - Şuşa şəhərinin işğaldan azad olunması idi. Qarabağın azadlığı uğrunda aparılan müharibə başlanandan dövlət də, xalq da, ordu da bir hədəfə köklənmişdi - Şuşa! Şuşasız Azərbaycan tamamlanmır. Şuşasız Qarabağ bütövləşmir. Şuşanın azadlığı, sanki qəfəsdə illərlə boynu bükülmüş ağ göyərçinin azadlığı idi.

 

Şuşada tarixin başlanğıcı

Azərbaycanın zəngin tarixi, mədəni irsinin böyük hissəsində Şuşa şəhərinin də imzası var. Şuşanın bizə məlum olan məşhur tarixi 18-ci əsrin ortalarından, Qarabağ xanlığının mərkəzi kimi başlasa da, əslində buranın tarixi daha qədimdir. Müasir milli tarixşünaslığımzda Qarabağdakı qədim Daş dövrü abidələri Azıx, Tağlar və Zar mağaraları öyrənilərkən, nədənsə Şuşadakı “Ağzıyastı kaha” adlanan mağara haqqında demək olar ki, danışılmır.

Mağara 1971-1975-ci illərdə tədqiq edilib. Daşaltı çayının sol sahilində yerləşir. Uzunluğu 125 metr, eni 20 metr, hündürlüyü isə 10 metrdir. Mağaradan tapılan qədim əmək alətləri, müxtəlif növ heyvan qalıqları sübut edir ki, bura daş dövrünün sonlarına kimi qədim insanların yaşayış məskəni olub.

Qafqaz Albaniyası yaranandan sonra Qarabağ, eləcə də indiki Şuşa şəhəri də daxil, bir sıra ərazilər Ərsak vilayətinə daxil idi. Əvvəlcə bütpərəst, Tenqriçi olan Ərsak sakinləri olan hunlar, saklar və digər alban tayfaları bizim eranın əvvələrindən qonşu ölkə Romanın təsiri ilə xristianlığı qəbul etmişdilər. Ərəb işğalından sonra isə digər bütpərəst olan əhali İslam dini qəbul etdi. Burada dinlərin müxtəlifliyə ayrılması sonralar inkişaf edən bütün sahələrə, hətta mədəniyyətə də təsir edib.

Şuşa irəlidəki dövrlərdə Sacilər, Salarilər, Atabəylər, Monqollar, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi kimi dövlətlərin tarixinə şahidlik edib. Bəzən dağıdılıb, bəzən igamətgah, bəzən isə sığınacaq rolunu oynayıb. Şuşanın relyefi də maraqlıdır. Burada Cıdır düzündən bir qədər aşağıda “Qırx pilləkən” deyilən dik pilləli yol var ki, bu da Daşaltı çayına aparır. Həmin yerdə “Xəzinə qalası” mağarası da yerləşir.

 

Şuşa Qarabağ xanlığının mərkəzi kimi

Kür və Araz çayları arasında yerləşən Qarabağ xanlığının yaranması, mərkəzin Şuşa şəhəri seçilməsi Pənahəli xanın adı ilə bağlıdır. Pənahəli xan Qarabağın məşhur nəsillərindən olan, daim bölgənin ictimai-siyasi həyatında rol alan Cavanşirlər naslinin Sarıcalı oymağına bağlı idi. Pənahəli xan bir zamanlar Nadir şahın eşikağası idi. 1738-ci ildə Qarabağa qayıdaraq, şahın istəyi ilə buradakı bəzi vəzifələri icra edirdi.

1747-ci ildə Nadir şah vəfat etdi və bir il sonra Pənahəli Cavanşir indiki Ağcəbədi şəhəri yaxınlığında, Kəbirli mahalında Bayat qalasın tikdirdi. Qarabağda eyniadlı xanlıq yaratdı, özünü isə xan elan etdi. İlk vaxtlar burada onun mənsub olduğu tayfa yaşamağa başladı, sonra isə yavaş-yavaş Qarabağ əhalisi də köç etdi.

Qala müdafiə məqsədi ilə tikilmişdi. Bunu tarixçilər qalanın ətrafından əlavə olaraq bişmiş kərpic ilə də üzlük çəkilməsinə əsasən izah edirlər. Həm də, ətrafı dərin xəndək qazılmış və su ilə doldurulmuşdu. Bu da orta əsrlərdən dövlətlərin düşman hücumundan qorunmaq üçün görülən tədbir adətlərindən biri idi.

Lakin Nadir şahın ölmündən sonra Arazdan cənubda bəzi hakimlərin çəkişmələri, taxt-tac savaşları nəticəsində bölgələrdən qovulmaları, Qarabağa gəlişləri, xristian alban məlikliklərinin onlarla münaqişələri xanlığı da təhlükə altında qoyurdu. Bir tərfdən də Şamaxı və Şəki xanlıqlarının Qarabağ xanlığının güclənməsindən ehtiyat etmələri, Pənahəli xanın ciddi narahatlığına səbəb olmuşdu.

Son dərəcə tədbirli davranan Pənahəli xan Şəki xanı Hacı Çələbinin Bayat qalasına hücumu zamanı, qaladakı xalqı qorumaq üçün bütün mühafizə tədbirlərini görmüşdü. Qarabağ xanlığı güclü olmasa da, özünü qoruya bilmişdi və xanlığın şöhrəti qısa müddətdə artmışdı. Hətta, bu hadisə ilə bağlı Azərbaycan tarixşünaslığında Hacı Çələbinin Pənahəli xan haqqında dediyi məşhur söz də məsələ çevrilib: “Pənahəli xan sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və geri qayıtdıq”. Bununla Hacı Çələbi xanın şöhrətinin onların hücumu ilə yüksəldiyinə işarə etmişdi.

Bayat qalası - Wikiwand

İlk dövrlər xanlığın ayrıca mərkəzi şəhəri, demək olar, yox idi. Bayat qalasının daxili həm xanlığın mərkəzi, həm özü idi. Pənahəli xan qonşu xanlıqlardan gələcək hücumları nəzərdən keçirir və tədbirli davranaraq, bütün təhlükələri adlamaq üçün daha hündür yerdə, güclü istehkamı olan bir şəhər salınmasını qərara alır. Bu mərkəz Şahbulağı qalası idi. Bayat qalası 5 il xanlığın mərkəzi ola bildi. Mirzə Camal Qarabaği öz əsərində yazır ki, mərkəz Şahbulağa köçürülən kimi Pənahəli xanın əmri ilə Bayat qalası dağıdıldı. Zaman keçdikdə anladılar ki, Şahbulaq qalası (1751-52) da hücumların qarşısında tab gətirə bilmir. Beləliklə, Şahbulaq 3 il Qarabağ xanlığının mərkəzi oldu.

Pənahəli xan əyanlarını topalayarq demişdi: “Biz gərək dağların içində, möhkəm və keçilməz bir yerdə qala tikək ki, onu güclü düşmən belə, mühasirəyə ala bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daim açıq olsun. Mahallarla əlaqəmiz kəsilməsin”. Uzun məşvərətdən sonra ən yüksək yer olan İndiki Şuşa şəhəri qala tikilmək üçün uyğun görüldü.

Şuşa adının mənası qədim türk etimologiyasına uyğundur. “Şiş qaya”, “Yayla” deməkdir. Bəzi tarixi ədəbiyyatlarda bu ada “Şüşə”, “Şişə” də deyilir. Beləliklə, 1756-cı ildə Qarabağ xanlığının mərkəzi Pənahabad şəhərinə - Şuşaya köçürüldü. Burada “Pənahabad” adlı pul da kəsildi. Artıq XVIII əsrin sonlarında Pənahabad şəhəri Qarabağın böyük şəhərlərindən birinə çevrilmişdi. 3-4 verst ərazini əhatə edirdi. Şəhərin üç tərəfi sıldırım qayalarla əhatələnib. Dördüncü tərəfdən isə dolanbac yollarla Şuşaya yol görünürdü.

Şəhər Pənahəli xanın dövründə inkişaf edirdi. Yüksəkdə yerləşsə də, mühüm ticarət mərkəzinə çevrilməyi bacardı. “Pənahabad” adlı pul ticarətdə mühüm dəyərə sahib idi. Şuşanın xarici əlaqəsini təmin etmək üçün 4 qala qapısı inşa edilmişdi. Bu qapıların üçünün adı bizə məlumdur: Gəncə, Ağoğlan, İrəvan. Dördüncü qapının adı və özü haqqında isə heç bir məlumat əldə edə bilmirik.

Pənahəli xanın oğlu İbrahimxəlil xanın dövründə çətinliklərlə üzləşsə də, Şuşa xeyli inkişaf etdi. Yenidən şəhər ətrafında bir neçə müdafiə qalaları və bəndlər də tikildi. Mirzə Adıgözəl Bəy öz əsərində bu qala haqqında yazır: “Hünərli ustalar, sənət sahibi və memarlar barı, hasar, bürc və divar çəkirdilər”. Mirzə Yusif Qarabaği isə bu sözləri qeyd edir: “Bu divarlardan nə top gülləsi, nə də başqa bir şey keçərdi. Çünki divar daş və əhənglə bərkidilmişdi”.

Azərbaycan tarixi - 8

Şuşa qalası öz möhkəmliyini, əzəmətini Ağaməmməd Şah Qacarın Qarabağ xanlığına hücumu zaman da göstərmişdi. Qacarın əmri ilə ilk olaraq toplar qalaları dağıtmağa çalışdı. Lakin qalanın möhkəmliyi topları aciz qoyurdu. Buna vaxt sərf etmək istəməyən şah Qacar qalanı 33 gün mühasirədə saxladı və İbrahimxəlil xanı dilə tutmağa çalışdı. Lakin bu zaman Şuşa xalqı da qala kimi möhkəm dayandı.

Bütün təhdidlərə, ərzaq çatışmazlığına və onlara edilən təkliflərə baxmayaraq, öz birliklərini nümaiş etdirdilər. Öz əqidələrindən dönməyib, Şuşanın azadlığı üçün sonadək İbrahimxəlil xanın yanında yer aldılar. Eynən 2020-ci ildə Azərbaycan xalqının Qarabağ üçün, Şuşa üçün nümayiş etdirdiyi birlik kimi, dözüm kimi. Bu birlik nəsillərdən-nəsillərə ötürülən milli dəyərdir. Bu birlik qandan, candan gəlir...

 

(Ardı var)

 
Müəllif: Şəhla Cabbarlı