Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi - RƏSMİ
Prezident Administrasiyasının rəhbəri azad edilmiş ərazilərlə bağlı toplantı keçirdi
Ermənistan parlamentinin eyvanlarında snayperlər görüntüləndi- Video
Qazinin görmə qabiliyyəti bərpa edildi
“Uşağa “olmaz” deyən atanı terrorçu, ananı isə despot kimi təqdim etmək doğru deyil”
22.02.2021 10:57
Bölmə:Gündəm 113 dəfə oxunub

Başı çox oxumaqdan xarab olmuş tanışlardan biri illər öncə azyaşlı uşağının kiçik bir kaprizinin əlində bezar qaldığı üçün onu psixoloq yanına aparmışdı. Uşaq kürlük edir, ipə-sapa yatmır, bəzənsə saatlarla evdə terror əsdirirdi. Beləcə, son çarə psixoloq kimi görüldü... Bir seans, iki seans, üç seans.... Axırda uşaq evdə kiçik bir irad eşidən kimi, “görərsiz, sizdən psixoloquma şikayət edəcəm” anonsunu verməyə başladı...

Bu hekayəni niyə danışdım? Çünki son bir neçə gündə gənc qızların intiharı ilə bağlı xəbərlərin sayı artmağa başlayıb. Bəzən də bu sayaq hadisələr sanki epidemiya kimi yayılır. Bir ara gənc gəlinlərin evdən qaçması fırtınası vardı. Ondan əvvəl qadınların ərləri tərəfindən öldürülməsi... Bilmirdin, xəbərlər yayıldıqca başqalarının xəstə beyinlərində impuls meydana gəlir, təhrik olur və qətlə meyl edirlər, yoxsa...

Açığı, hər iki intihar xəbərini və hekayəni ürək ağrısı ilə oxudum. İntihar edən qızlardan birinin daha öncə ata təzyiqi ilə bağlı dərdləşdiyi dostlarına yazdıqları vardı. Məlum olurdu ki, atası, nənəsi, anası bu gəncin həyatını zəhərləməklə məşğulmuş, təhdid edir, hətta atası hər hansı səhvi olarsa öldürəcəyini belə bəyan edirmiş. O biri qızımızsa özünü dənizə ataraq öldürüb, rayondan oxumağa gəlibmiş, əmisinin evində yaşayırmış. Təbii ki, hər iki hadisəni polis araşdıracaq – mesajlardan tutmuş telefon danışıqlarına qədər. Günahkar kimdirsə, intihar həddinə kim çatdırıbsa, o da cəzasını alacaq. Digər terrorçu ata-analara da bu, dərs olacaq, görk olacaq. İndən sonra övladlarına terrorist kimi yox, sevginin dili ilə davranacaqlar... Amma....

 

Bu intihar hadisələri ilə bağlı sosial şəbəkədə gedən müzakirələri görəndə isə təhlükənin miqyasından xəbər tuturam. Demək, cəmiyyət az qala iki hissəyə bölünüb. Bir qism hesab edir ki, əgər uşaq 18 yaşını keçibsə, valideynin ona söz demək, yasaq tətbiq etmək, hətta “hardasan” soruşmaq haqqı yoxdur. Çünki bu, insan haqlarının pozulması, azadlığın məhdudlaşmasıymış. Başqa bir qism isə az qala məsələni qapqara tonlara bürüyüb iddia edir ki, gənc qızı olan ata-ananın polis kimi davranmağa, səhv edən övladına qarşı cəzaların ən ağırını seçməyə, “qızım mənim süpürgəmdir, harda qoysam orda dayanacaq” deməyə haqqı çatır. Yəni, ya dəniz, ya göy üzü...Ortada dayanmaq, orta mövqe tapmaq söhbəti yoxdur. Əzizlərim, biz Avropada yaşamır, yaşı 18 olan kimi uşaqlara qapını göstərib, “get yaşa, yıxıla-dura həyatı öyrən, həyat səhvlərlə gözəldir” demirik. Uşaq evə gec gələndə narahat da ola bilərik, onun hara, kimlərlə gedəcəyini bilmək, getdiyi yerdən görüntülü zəng, foto, video tələb etmək də haqqımızdır. Bunu insani, şirin və dostcasına dillə istəyəndə isə lap gözəl olur. Adı hesabat yox, paylaşmaq olur, məsələn. Uşaq avtomatik olaraq hərəkət qrafikini də, problemini də, sevincini də səninlə paylaşır. Bura Şərq ölkəsidir. Ana qızına “olmaz, ora getmək məsləhət deyil” deyə də bilər, xüsusən də zəmanənin bu qədər çətin, ətrafımızınsa bunca təhlükələrlə dolu olduğu bir mərhələdə. Qorumalıyıq, izah etməliyik, bunlar kar etməyəndə qadağalar da tətbiq etməliyik. “Yıxılsın, dursun, dizləri qanasın, ağzı-burnu dağılsın, səhvi elə öyrənsin” kimi tezis bu ellərdə, bu torpaqlarda keçərli deyil.

Doğrusu, məsləhətli olanı varkən, bu model ortada ikən gənclərimiz illah ki, səhv etməyə məcburdularmı? Bəs valideyn nə üçündür? Hər uşağına “olmaz” deyən atanı terrorçu, ananı isə despot kimi təqdim etmək doğru yanaşma deyil. Nəzarət şiddət deyil, valideyn sorğu-sualını terror adlandırmaq olmaz. Mən hələ son iki intihar hadisəsinin səbəbini, detallarını bilmirəm. Təbii ki, gənc qızlar o həddə, həyatlarını sonlandırma mərhələsinə çatıblarsa, demək ki, dialoq variantı keçərsiz olub. Onlarla danışan olmayıb, danışanda da zorun dili ilə danışıblar. Amma problemin özü necə olub? Heç kəs o cocuqları ata-analarından çox istəyə bilməz axı, məntiqlə.

Nə bilirik, bəlkə valideynləri onları hansısa yanlışdan çəkindirməyə çalışıb? Hər halda göz görə-görə yanlışa getmələrini istəməyib - dilləri, üslubları yanlış olubsa, bu da onların əskikliyidir. Amma Allahınızı sevərsiz, ana uşağını danlayıb, ata gözünü ağardıb, ya da istədiyi hər yerə getməsinə izn verməyib deyə yeni, mənasız dalğalar başlamayın. Adları üstündə - dəliqanlı. Onların qanının qaynayan, dünyanı kəşf etmək istəyən, bunun üçün bütün yasaqları dağıtmağı arzulayan yaşlarıdır. Valideyn isə tarazlayan, qayda-qanun yaradan, yol göstərəndir. Bəs ailə nəyə deyilir? Ailə niyə qurulur? Fərdlər bir-biri ilə maraqlanmayıb, “kim harda qırıldı, qırıldı” deyəcəksə, onda bir arada yaşamağın adı nədir?

Bu ölkədə valideynlərin böyük əksəriyyəti dünyanın heç bir ölkəsindəki valideynlə müqayisəyə gəlməz. Çünki Azərbaycanda ata-ana olmaq uşağına həm səhiyyə naziri, həm təhsil naziri, həm sosial müdafiə naziri...olmaq deməkdi. Uşaq pulu yox, məktəblərdə təhsil bərbad gündə, tibbi sığorta yox. Binəva valideyn uşaq dünyaya göz açandan dövlətin də vəzifəsini yükləyir belinə... Ta ki, övladı universiteti bitirənə qədər. Həkimi, hazırlığı, məşqi, universitet təlaşı... hətta və hətta universiteti bitirəndən sonra iş tapmaq həyəcanı... Avropalıya nə var? Uşaq sahibi olmaq onun üçün bizdəki qədər risk, yük deyil ki.. Dövlət uşaq dünyaya gələn kimi müavinətini də verir, qayğısını da bölüşür, onunla bərabər bu səfərdə də bərabər addımlayır.

Bunca fədakar valideynlərin olduğu bir toplumda valideynlik institutunu gözdən salmağa gərək yoxdur. Kimsə məqsədli şəkildə, əlində fakt olmadan “qız övladlara qarşı ailələrdə şiddət, basqı var” deyirsə, bilin ki, hansısa beynəlxalq, donor layihənin iştirakçısıdır, qrant alıb, özü kimi beş-on qadını başına yığıb seminar keçirib, pul siləcək. Böyük ehtimalla da özünün valideynliyin “v”sindən xəbəri yoxdu, bacı-qardaş uşağını iki dəfə parka çıxarmaqla övlad böyütməyi eyni tutur. Ya da özünün uşaqlıq travması var – zamanında alkoqolik, şiddət meyllisi atasının, qardaşının terroruna məruz qalıb və bunu bütün topluma aid etmək istəyir. “Mən tək deyiləm” təsəllisini aşılamaq istəyir özünə, acısı azalsın deyə. Belələrinə “keçmiş olsun” deməklə yanaşı, acil şəfalar da diləmək, hətta müalicə almaları üçün israr etmək lazım. Əks halda, cəmiyyəti də özlərinə bənzətməyə çalışacaqlar – aqressiv, nifrət köklü, kişilərə qarşı üsyankar, dalaşqan...

Mənzərə xoş deyil, bir az sakitləşsəz, olarmı?

Sevinc Telmanqızı

Musavat.com

reklam