Yetkinlik yaşına çatmayana siqaret satan şəxs cərimələndi
Gənclər və idman naziri kim olacaq? - Adlar, ehtimallar...
İlham Əliyev Gürcüstan baş nazirini qəbul etdi
Küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA
"“İsgəndər-M” məsələsi Rusiyanı çıxılmaz duruma salıb"- Rəşad Bayramov
22.04.2021 15:01
Bölmə:Müsahibə 75 dəfə oxunub

Azərbaycan prezidenti İlham Əliyev Az.TV-yə müsahibəsində kifayət qədər açıq danışdı. Şuşaya “İsgəndər-M” raketinin atılmasında Rusiyanın qərəzli mövqe tutmasını sərt tənqid edən ölkə başçısı Moskvadan bir sıra suallara cavab gözlədiyini, əks təqdirdə öz əlimizdə olan məlumatların ictimailəşdirəcəyini bildirdi. Prezidenti bu qədər açıq danışmağa vadar edən, sözsüz ki, çox sayda səbəb vardı. Başlıca səbəb isə Dağlıq Qarabağda yerləşdirilən rus ordusunun özünü “sülhməramlı” kimi aparmamasıdır.
 
Mövzu ilə bağlı AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov Ovqat.com-a müsahibə verib. Versiya.az həmin müsahibəni təqdim edir.
 
- Rəşad bəy Prezidentin Azərbaycan Televiziyasına son müsahibəsində “İsgəndər-M” raket kompleksi ilə bağlı səsləndirdiyi fikirləri necə qiymətləndirirsiniz? 

- Bunu birmənalı olaraq Rusiyaya xəbərdarlıq kimi qiymətləndirirəm. Prezident diplomatik dillə Rusiyaya xəbərdarlıq etdi ki, ya üçtərəfli bəyanatın tərəfi olaraq üzərinə düşən vəzifələri icra et, ya da mən “İsgəndər-M”lə bağlı bütün həqiqətləri ortaya qoyacağam. Həqiqətlərin açılıb deyilməsi isə Rusiya üçün heç bir halda arzu olunan deyil. Çünki İlham Əliyevin də dediyi kimi Azərbaycan həmin raketlərin haradan, nə vaxt və necə atıldığı ilə bağlı ətraflı məlumata malikdir və elə buna görə də Rusiyadan konkret izahat tələb edir. Şuşada “İsgəndər-M” raketlərinin tapılması faktı Rusiyanı çıxılmaz duruma salıb. Rusiya ya həmin raketi Ermənistana satdığını və bununla da beynəlxalq konvensiyaları pozduğunu etiraf etməlidir, ya raketin qaçaqmalçılıq yolu ilə Ermənistanın əlinə düşdüyünü deyib özünü biabır etməlidir. Birinci halda beynalxalq hüququ tapdalamaqla özünü pis duruma salacaq, ikinci halda isə nüvə başlığı daşıya bilmək qabiliyyətində olan raket komplekslərinə belə nəzarət edə bilməyən ölkə olaraq pis duruma düşəcək. Bunların da heç biri Rusiya üçün məqbul hesab oluna bilməz. 

- Rusiya Müdafiə Nazirliyi Azərbaycanın sorgusuna cavab olaraq 44 günlük müharibə dövründə Ermənistan tərəfdən ballistik raketlərdən istifadəni müşahidə etmədiyini deyir. Sizcə bu cavabdan yayınmaq cəhdi deyilmi? 

- Qeyd etdiyim kimi, Rusiya çıxılmaz durumdadır və yuxarıda sadaladığım mümkün cavablardan heç birini verə bilmir. Amma Rusiya Müdafiə Nazirliyi Azərbaycanın sorğusuna bu şəkildə cavab verməklə özünü daha çıxılmaz vəziyyətə salıb. Belə ki, raketdən istifadə edildiyi bir faktdır və bunu inkar etmək mümkün deyil. Bu gün həmin raketlərin qalıqları hər kəsin görə biləcəyi və bütün dünyanın da diqqət mərkəzində olan “Hərbi Qənimtlər Parkı”nda nümayiş olunur. Əgər Rusiya tərəfi Ermənistana bu raketləri verməyini və onların həmin raketdən istifadə faktını inkar edirsə onda bunun bir izahı qalır ki, həmin raketlər ermənilər tərəfindən deyil elə Rusiyanın özü tərəfindən atılıb. Dölət başçısı da açıq mətnlə bildirdi ki, biz raketlərin haradan, necə və nə vaxt atıldığını bilirik və buna rəsmi cavab gözləyirik. 
 
- Rusiyanın kütləvi informasiya vasitələrində həmin raket qırıntılarının Türkiyə vasitəsilə Suriyadan gətirildiyi və təzyiq vasitəsi kimi Şuşada yerləşdirildiyi ilə bağlı da məlumatlar getməkdədir. 

- Bunlar rəsmi məlumatlar deyil və Rusiya rəsmi olaraq belə bir şeyi iddia edə bilməz. Çünki rəsmi olaraq belə bir versiyanın irəli sürülməsi Rusiya tərəfinin həm Azərbaycanı, həm də Türkiyəni saxtakarlıqda ittiham etməsi demək olardı ki, buna da rəsmi Moskva heç bir halda gedə bilməz. Çünki yenə deyirəm Azərbaycanın əlində həmin raket komplekslərinin Şuşaya necə gəlib çıxması ilə bağlı tutarlı faktlar var və Rusiya da bunu kifayət qədər yaxşı bilir. Elə vurnuxa-vurnuxa qalmasının da səbəbi budur. İkinci bir tərəfdən bu günə qədər Rusiyanın Suriyada “İsgəndər-M” raketlərindən istifadə etdiyinə dair də hər hansı bir fakt yoxdur. Nəhayət, Azərbaycan peyk sistemlərinə malik bir dövlətdir. Ona görə də həmin raketlərin haradan atılması ilə bağlı əlində konkret faktlar var, bunu inkar etmək praktiki olaraq mümkünsüzdür. Elə bir neçə gün bundan əvvəl Kremlin ruporu hesab olunan, ermənilərə xüsusi simpatiyası ilə tanınan Solovyov da öz müəllif proqramında bilərəkdən, ya bilməyərəkdən Qarabağ savaşında raket komplekslərdən istifadə edildiyini etiraf etdi. Solovyov Ukraynadakı vəziyyətlə bağlı danışarkən Qarabağda və Suriyada olduğu kimi Ukraynada da ölkənin içərisinə, infrastrukturlara raket zərbələri endirməyin vacib olduğunu dedi. Bunu da raketlərlə bağlı deyilənlərin növbəti sübutu kimi qəbul etmək olar.   

- “İsgəndər-M” raketlərindən istifadə olunması ilə bağlı Ermənistan Baş Qərərgah rəisinin və elə Paşinyanın özünün də etirafları var idi. Elə o zaman da Rusiya bu faktların sadalanmasına sərt təpki göstərmişdi. Amma həmin vaxt rəsmi Azərbaycan da raketlərdən istifadə olunması ilə bağlı faktı inkar etdi. Bunun səbəbi nə idi? 

- Səbəb sadə idi. Azərbaycan tərəfi Rusiyanın üçtərəfli bəyanatdan irəli gələn vəzifələri yerinə yetirməsini istəyirdi. Buraya Kəlbəcər və Laçının boşaldılması, erməni silahlılarının ərazilərimizdən çıxarılması və ən nəhayət Zəngəzur dəhlizinin açılması daxil idi. Rəsmi Bakı Rusiyadan bu sadaladığım məsələlərlə bağlı konkret addımlar gözləyirdi. Elə bu səbədən də Rusiyanı dalana dirəyəcək və münasibətləri pozacaq addımlar atmaq istəmirdi. Yoxsa ki, Azərbaycan İsgəndər raketlərindən istifadə edildiyini elə raket Azərbaycan ərazilərinə atıldığı andan etibarən bilirdi. Lakin Rusiyanın sonrakı mövqeyi, “sülhməramlı” adlanan kontingentin öz vəzifələrini aşan davranışları, eləcə də Xankəndi və ətrafında olan ərazilərdə hələ də erməni silahlı dəstələrinin tərksilah ediməməsi və ən nəhayət Rusiyanın sülhü bərqərar etməli olduğu ərazilərdə sanki özününküymüş kimi nə istəyir etməsi Azərbaycan tərəfini konkret addımlar atmağa məcbur etdi. 9 may gününə Xankəndinə hərbi parad keçirmək niyyəti isə bardağı daşıran son damla oldu. 
 
- Paraddan söhbət düşmüşkən AMİP-in bu məsələ ilə bağlı mövqeyi nədən ibarətdir? 

- Rusiyanın Qarabağdakı hərbi kontingentinin 9 Mayda Xankəndinə hərbi parad keçirmək niyyəti Azərbaycanın ərazi bütövlüyü və suverenliyini heçə saymaq cəhdidir. Bunun başqa adı yoxdur. Azərbaycan dövlətinin ərazisində başqa bir dövlətin ordusunun məramı nə olur olsun hərbi parad keçirməsi cəhdi, hətta planlaşdırması belə bizim üçün qəbuledilməzdir və buna heç bir halda yol vermək olmaz.  Rusiya “sülhməramlıları” unutmamalıdırlar ki, onlar bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı və qəbul etdiyi ərazilər olan Qarabağda xidmət aparırlar. Bu ərazidə hərbi parad keçirəcək qüdrətə və hüquqa sahib olan yeganə ordu – Azərbaycan Respublikası Silahlı Qüvvələridir. Əgər 9 Mayla bağlı Xankəndində parad keçirmək bu qədər vacibdirsə o zaman həmin parad Azərbaycan əsgərinin iştirakı ilə keçirilməli və paradı da Azərbaycan Müdafiə Naziri qəbul etməlidir. Başqa sözlə rus hərbi kontingenti Azərbaycanın Müdafiə Nazirinin qəbul etdiyi paraddan, Milli Ordumuzun generallarının qarşısından “farağat” komandası ilə keçmək istəyirsə buyursun keçsin, yox əgər bu hərbi parad Azərbaycanı heçə sayaraq keçiriləcəksə buna heç bir halda yol vermək olmaz. Azərbaycan hakimiyyəti də, Xarici İşlər və Müdafiə Nazirlikləri də bu məsələ ilə bağlı sərt mövqe nümayiş etdirməli və Rus hərbi kontingentinin bu özbaşınalığına son qoymalıdır.

- Son olaraq sizcə Rusiyanın Azərbaycan tərəfinin “İsgəndər-M” raketləri ilə bağlı suallarına cavabı nədən ibarət olacaq

- Rusiyadan bu məsələ ilə bağlı hər hansı bir cavab gözləmirəm. Çünki veriləcək cavab yoxdur və rəsmi Bakı da bunu gözəl başa düşür. Bu məsələ ilə bağlı Azərbaycan tərəfinin mövqeyi isə diplomatik gedişlərdir və Rusiyaya öz davranışlarında və mövqeyində düzəliş etməsi üçün edilmiş xəbərdarlıqdır. Başqa sözlə, təzyiq vasitəsidir. Rusiyanın bundan nəticə çıxarmasına isə yalnız ümid etmək qalır. 




reklam