Tanınmış tərcüməçi Sevil Gültəndən Aydın Quliyevə ağır sözlər
Gənc yazarın kitabı təqdim edildi
İran bu gün də Xankəndiyə silah yollayır - Laçın koridorunda yaranan tıxac
Kəlbəcərdə snayperlə vurulan hərbçimizin atası da şəhid imiş...
Diqqət: Bakıda bu çimərliklərdə sualtı yarğanlar var
30.06.2021 13:03
Bölmə:Müsahibə 157 dəfə oxunub

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlilinin Yenisabah.az-a müsahibəsi:

- Aqşin müəllim, çimərliklər fəaliyyətə başladığı gündən indiyədək hansı təhlükəsizlik tədbirləri həyata keçirilib?

- İyun ayının 10-dan çimərliklərin istifadəsinə icazə verilib və biz illərdir davam edən təhlükəsizlik tədbirlərini artıq may ayından görməyə başlamışıq. Təhlükəsizlik tədbirləri dedikdə dalğıclar vasitəsilə akvatoriyanın müayinəsi, üzmə sərhədlərini bildirən nişanların qoyulması, xilasedicilərin peşə fəaliyyətinin artırılması üçün onları ixtisasartırma kurslarına cəlb etmək, o cümlədən xilasetmə texnika və vasitələrini işlək vəziyyətə gətirmək nəzərdə tutulur. Bu kompleks tədbirlər bizim nəzarət etdiyimiz bütün çimərliklərdə və ictimai çimərliklərdə həyata keçirilib. Yəni iyunun 10-dan etibarən gücləndirilmiş iş rejimində fəaliyyə başlanılıb.

- 20 gün ərzində boğulma və ölüm hadisəsi qeydə alınıbmı?

 - Bu ilki çimərlik mövsümündə 49 suda boğulma faktı ilə üzləşən şəxs bizim xilasedicilərimiz tərəfindən xilas olunub. Lakin bizim nəzarət etdiyimiz çimərliklər və ictimai çimərliklərdə bu günədək ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb.

- Hazırda nəzarətinizdə neçə çimərlik fəaliyyət göstərir?

- Biz nəinki Bakı şəhəri və Abşeron rayonunda, həmçinin ölkənin digər rayonlarında da fəaliyyət göstəririk. Lakin konkret olaraq nəzarətdə olan çimərliklərin sayı barədə məlumat verə bilməyəcəm, çünki onlar hər mövsüm sahibkardan asılı olaraq dəyişə bilir. Ümumilikdə isə Bakı şəhərinin bütün rayonlarında bizim məntəqələrimiz var. Çimərliklərə daxil olarkən rahatlıqla məntəqələrimizi, xilasedicilərin xidmətini, dənizdə üzmə sərhədlərini müəyyən edən nişanları və maarifləndirici lövhələri görmək mümkündür. Bunlar həmin ərazinin bizim nəzarətimizdə olduğunu göstərir.

- Təhlükəsizlik qaydalarına riayət etməyən şəxslərlə bağlı hansı tədbirlər görülür?

- Təhlükəsizlik qaydalarına əməl etməyənlərə bizim əsas çağırışımız ondan ibarətdir ki, nəzarət olunmayan çimərliklərdən istifadə etməsinlər, çünki həmin ərazilərdə, ümumiyyətlə, təhlükəsizlik tədbiri görülmədiyi üçün hətta yüngül suda boğulma hadisəsi belə bədbəxt sonluqla nəticələnə bilər. Bizim nəzarət etdiyimiz, xilasedicilərin xidmət apardığı ərazilərdə isə xilasedicilərin çağırışlarına əməl etməyə çalışsınlar. Bəzən vətəndaşlar olur ki, küləkli havada dənizə girmək istəyir, yaxud məhdudlaşdırıcı nişanları ötüb keçir. Xilasedicilər onlara xəbərdarlıq etdikdə isə kobud rəftar göstərirlər. Xahiş edirik, ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələblərinə və xilasedicilərin göstərişlərinə əməl etsinlər. Çünki bunların hamısı vətəndaşlarımızın təhlükəsizliyi üçündür.

- Son günlər paytaxtda küləkli hava şəraiti hökm sürür. Belə bir vəziyyətdə çimərliklərə üz tutmaq olarmı?

- Bəli, son günlər hava şəraiti qeyri-sabit keçir, küləyin sürəti normadan artıqdır, daha doğrusu, çimərlik üçün əlverişli deyil. Ümumiyyətlə, bildirmək istərdim ki, küləyin sürəti 10 metr/saniyədən artıq olduqda çimərlikdən istifadə etmək təhlükəlidir. Buna görə də vətəndaşlar diqqətli olsunlar, küləkli havada dənizə getməsinlər. Çimərliklərdə təhlükəsiz istirahət isə səhər saat 09:00-dan axşam 20:00-dək mümkündür. Bütün vətəndaşların öz istirahətlərini axşam saat 8-də bitirmələri məsləhət görülür, çünki hava qaraldıqdan sonra çimərlikdə qalmaq təhlükəlidir.

- Təhlükəli çimərliklər barədə də məlumat verməyinizi istərdim.

- Buraya bir sıra çimərliklər daxildir. Xəzər rayonu Şüvəlan qəsəbəsində "Şimal Qres" və "Milqaya" deyilən ərazi, Novxanıda "Ləman" Ailəvi Istirahət Mərkəzi ərazisində yerləşən çimərlik, Sabunçu rayonu Nardaran qəsəbəsi 12-ci dalan, “Yaxt Klub” adlanan ərazi və Ləyiş bağlarında estekada, daha sonra Binəqədi rayonu Novxanı və Goradil qəsəbələri aralığında San qaya, Qaradağ rayonu Mayak deyilən ərazi kifayət qədər təhlükəlidir. Vətəndaşlar bilməlidir ki, bunlar xüsusi təhlükəli ərazilərdir, həmin ərazilərə maarifləndirici lövhələr də yerləşdirilib, ona görə də həmin ərazilərdən istifadə etməsinlər. Çünki orada sualtı axın normadan artıqdır və sualtı yarğanlar, dərinliklər var.

Xüsusilə valideynlər çimərlik ərazisində diqqətli olsunlar, bəzən uşaqları nəzarətsiz buraxırlar, nəticədə onlar çimərlik ərazisində itir. Bu zaman bizə məlumat gəldikdə biz bilmirik, uşaqları sahildə, yoxsa dənizdə axtaraq. Bununla bağlı problemlər yaşayırıq, belə ki, həmin an bütün xilasedicilərin diqqəti ancaq uşaq axtarmaqda olur və digər şəxslər də qeyri-müəyyən vaxta qədər nəzarətsiz qalır, işimizi bu kimi hallarla çətinləşdirməsələr, çox yaxşı olar. Son günlər bununla bağlı bir neçə hadisə yaşanıb, xoşbəxtlikdən uşaqlar həm çimərlikdən, həm çimərlik ərazisindən sağ tapılaraq valideyninə təhvil verilib.

 

Diqqət: Bakıda bu çimərliklərdə sualtı yarğanlar var
reklam